Şəxsi həyatın sirri ilə hədələyən şəxs 6 il həbs edildi
Məhkəmə külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmə, şəxsi həyatın sirrini qanunsuz əldə etmə, saxlama və tamah məqsədilə istifadə etmə faktları üzrə təqsirləndirilən şəxs barəsində təqsirləndirici hökm çıxarıb.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Məhkəmədə araşdırılan sübutlarla təsdiqlənib ki, təqsirləndirilən şəxs guya birgə biznesə başlamaq bəhanəsi ilə zərərçəkənin 160 000 lari məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. Həmçinin, o, zərərçəkənin şəxsi həyatının sirrini əks etdirən məlumatları qanunsuz olaraq əldə edib və saxlayıb.
Zərərçəkən mənimsənilən pulun geri qaytarılmasını tələb etdikdə, təqsirləndirilən şəxs həmin özəl məlumatları yayacağı ilə hədələyərək onu tələbindən imtina etməyə məcbur etməyə cəhd göstərib.
Məhkəmə təqsirləndirilən şəxsi irəli sürülən ittihamlar üzrə günahkar bilib və cəza olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmə qərarı çıxarıb.