Prokurorluq İrakli Okruaşvili üçün 20 min lari girov və ölkədən çıxış qadağası tələb edir

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili barəsində prokurorluq yeni məhdudiyyət tədbirlərinin tətbiq olunmasını tələb edir.
Pokuror Natiya Tatiashvilinin məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd olunur ki, 20 min lari məbləğində girovla yanaşı, Okruaşvilinin Gürcüstanın dövlət sərhədini tərk etməsinə qadağa qoyulmalıdır.
Prokurorun sözlərinə görə, Okruaşviliyə parlamentin müvəqqəti istintaq komissiyasına çağırış sənədi göndərilib və o, bu barədə xəbərdar olub. Buna baxmayaraq, komissiyaya gəlməyib, baxmayaraq ki, bu, cinayət məsuliyyətinə səbəb ola biləcəyini bilirdi.
Tatiashvili qeyd edib ki, Okruaşvilinin gizlənmək və yeni cinayət törətmək riski mövcuddur. O vurğulayıb ki, bu, keçmiş nazirin ilk qanun pozuntusu deyil – o, əvvəllər də məhkum olunub və hazırda da onun barəsində başqa bir iş üzrə istintaq aparılır.
Prokurorluğun vəsatətinə müdafiə tərəfi razılaşmayıb. Okruaşvilinin vəkili Mamuka Çabashvili bildirib ki, onun müvəkkilinin gizlənmək və ya yeni cinayət törətmək riski yoxdur. Vəkilin sözlərinə görə, Okruaşvili daha əvvəl də ciddi cəza ilə üzləşdiyi halda ölkədən qaçmayıb və könüllü olaraq Gürcüstana qayıdıb.
Çabashvili əlavə edib ki, keçmiş nazirin istintaq komissiyasına gəlməməsi onun şəxsi, vətəndaş mövqeyidir və bu, cinayət meyilli davranış kimi qiymətləndirilə bilməz.
Qeyd edək ki, İrakli Okruaşviliyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə parlamentin müvəqqəti istintaq komissiyasının çağırışına tabe olmamağı nəzərdə tutur və cərimə, bir ilədək azadlıqdan məhrumetmə və ya üç ilədək vəzifə tutmaq hüququndan məhrumetmə ilə cəzalandırılır.
mənbə: Interpress