Rustavidə narkotik vasitələrin böyük partiyası ələ keçirildi
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Rustavi şəhərində satışa çıxarılması planlaşdırılan 1107 büküm narkotik vasitə aşkar edilərək götürülüb.
Xeber.ge xəbər verir ki, əməliyyat Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Saxlanılanlar:
· 1986-cı il təvəllüdlü İ.Q.;
· 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.Q.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələrin qrup halında qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına yardım etməkdə ittiham olunurlar. Polis əməkdaşları Rustavidə şübhəlilərin üzərində və yaşadıqları evlərdə, eləcə də müxtəlif gizli məkanlarda axtarış aparıblar.
Nəticədə, satış üçün qablaşdırılmış 1107 büküm "bio" tipli narkotik vasitə aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, polislər narkotiklərin qablaşdırılması üçün istifadə olunan elektron tərəzilər, yapışqan lentlər və xüsusi paketlər də aşkar ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət işi başlanılıb. Qanunvericiliyə əsasən, bu cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.