Qaraçalada iş adamının avtomobili atəşə tutulub
Qaraçalada silahlı hücumun hədəfi yerli iş adamı Duriç Qaciyev olub.
XEBER.GE xeber verir ki, məlumata görə, hücum edənlər onun evinin yaxınlığında pusqu quraraq avtomobilini atəşə tutublar.
Hadisə Qaciyev restorandan evə qayıdarkən baş verib.
“TVPirveli” telekanalının mənbəsinin bildirdiyinə görə, həmin vaxt avtomobildə Qaciyevin azyaşlı övladları da olub.
“TVPirveli”nin məlumatına əsasən, hücumun ehtimal olunan səbəbi maliyyə mübahisəsidir. Versiyalardan birinə görə, iş adamına qarşı şantaj edilib və ondan biznesdə pay tələb olunub. Bildirilir ki, ondan 100 min lari ödəməsi istənilib, lakin o, hücum edənlərə tələb olunan məbləğdən daha az pul verib.
Qaciyevin ailəsi isə bu versiyanı təkzib edir. Duriç Qaciyevin atası maliyyə mübahisəsinin olmadığını bildirib.
Qaraçala kəndində polis əməkdaşları hələ də hadisə yerindədir. “TVPirveli”nin kameraları hadisə yerində aparılan istintaq eksperimentini də lentə alıb.
Məlumata görə, polis artıq bir neçə şəxsin kimliyini müəyyən edib.