Qəzzada 8 min fələstinlidən xəbər yoxdur
Qəzza zolağında təxminən 8 min dinc fələstinli itkin düşmüş hesab olunur. Onların çoxunun cəsidinin binaların dağıntıları altında qaldığı ehtimal edilir.
XEBER.GE xeber verir ki, bu barədə Qəzza zolağının Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mahmud Bəsal məlumat verib.
O, real ölüm sayının açıqlanan rəqəmlərdən daha çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Bəsal genişmiqyaslı dağıntıların, eləcə də avadanlıq və ağır texnikanın çatışmazlığının axtarış-xilasetmə işlərini ləngitdiyini və dağıntılar altında qalan cəsədlərin çıxarılmasını çətinləşdirdiyini bildirib.
Onun sözlərinə görə, hətta zəruri resurslar və avadanlıqlar təmin olunsa belə, bütün meyitlərin dağıntılar altından çıxarılması xilasetmə qruplarından təxminən səkkiz il vaxt tələb edə bilər.
Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi bəzi meyitlərin həddindən artıq yüksək temperaturun təsirinə məruz qaldığını da qeyd edib. Nəticədə onların şəxsiyyətini müəyyənləşdirmək və yerini aşkar etmək üçün zəruri olan tanınma izləri qalmayıb.
Bəsal əlavə edib ki, davam edən təhlükələr və mövcud resursların məhdudluğu səbəbindən xilasetmə qrupları hələ də bir sıra ərazilərə daxil ola bilmirlər.
Xatırladaq ki, İsrailin 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda həyata keçirdiyi hərbi cinayətlər – kütləvi qırğın və soyqırımı nəticəsində bölgədə ən azı 74 498 günahsız qəzzalı qətlə yetirilib, 175 616 nəfər isə yaralanıb. Qurbanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
mənbə: az.shafaqna.com