Patriarxlığa hücum edən şəxsə rəsmi ittiham irəli sürüldü
Gürcüstan Baş Prokurorluğu Pravoslav Kilsəsinin Patriarxlığının rezidensiyası qarşısında xuliqanlıq törədən və kilsə əmlakına ziyan vuran şəxsə qarşı rəsmi ittiham irəli sürüb.
Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində hadisənin real motivləri üzə çıxıb.
Prokurorluğun rəsmi bəyanatında bildirilir ki, müayinə və istintaq hərəkətləri nəticəsində 2026-cı il mayın 20-də törədilən cinayətin rəsmi olaraq dini dözümsüzlük (tolerantlığın pozulması) motivilə həyata keçirildiyi sübuta yetirilib.
Məlumata görə, təqsirləndirilən şəxs avtomobillə rezidensiyanın həyətinə soxularaq şlaqbaumu, əsas giriş qapısını və həyətdəki xidməti avtomobili darmadağın etdikdən sonra da aqressiv hərəkətlərini davam etdirib.
O, ərazidə olan din xadimlərini və mühafizəçiləri fiziki zorakılıqla hədələyib, cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirərək ictimai asayişi kobud şəkildə pozub.
Ekspertlərin rəyinə əsasən, sürücünün törətdiyi qəsdən dağıdıcılıq əməliyyatı nəticəsində Patriarxlığa və zərərçəkmiş tərəflərə ümumilikdə 9 350 lari məbləğində birbaşa maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə günü saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki ağır maddəsi ilə ittiham aktı təqdim olunub:
Maddə 187, hissə 1: Özgənin əmlakına qəsdən ziyan vurma və ya onu məhv etmə;
Maddə 239, hissə 3: Silah və ya silah qismində istifadə olunan hər hansı digər əşyadan istifadə etməklə törədilmiş xuliqanlıq.
Bu maddələrin sanksiyası üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorluq bəyan edib ki, cinayət işi çərçivəsində şəxsin psixi durumunun müəyyən edilməsi üçün artıq rəsmi məhkəmə-psixiatrik ekspertizası təyin olunub.
Dövlət ittihamçısı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində istintaq dövrü üçün qətiimkan tədbiri olaraq həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.