Parlament “Söz və ifadə azadlığı haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul etdi

Gürcüstan Parlamenti “Söz və ifadə azadlığı haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Qanun layihəsi 85 deputatın yekdil dəstəyi ilə təsdiqlənib.
Hakim “Gürcü Arzusu” partiyası layihəni sürətləndirilmiş qaydada müzakirəyə çıxarıb və qanunun ikinci və üçüncü oxunuşda da bu həftə ərzində qəbul olunması planlaşdırılır.
Layihəyə əsasən, mövcud qanundan bir sıra maddələr çıxarılır və söz və ifadə azadlığı ilə bağlı məsələlərin yeni şəkildə tənzimlənməsi nəzərdə tutulur. Ləğv edilən maddələr arasında sübut yükünün məhdudiyyət təklif edən tərəfin üzərinə düşməsi və şübhəli halların söz azadlığının xeyrinə həll olunması öhdəliyi də var.
Dəyişikliklərə görə, böhtanla bağlı məhkəmə çəkişmələrində sübut yükü cavabdehin üzərinə qoyulur. İddiaçının isə yayılmış məlumatın yalan olduğunu sübut etmə öhdəliyi aradan qaldırılır. Əksinə, cavabdeh bu məlumatın yanlış olmadığını sübut etməli olacaq.
Layihə həmçinin söz və ifadə azadlığının məzmununa dair tənzimləmələr də nəzərdə tutur. Belə ki, həm şəxsi, həm də ictimai müstəvidə ifadə olunan təhqiramiz fikirlərə qarşı hüquqi çərçivə yaradılır.
Qanunun hazırkı variantında yer alan maddə – şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunması məqsədilə ifadə azadlığının məhdudlaşdırılmaması – yeni layihə ilə ləğv edilir.
Bununla yanaşı, böhtanla bağlı “səlahiyyətli imtiyazlar” müəyyən edən maddə də qanundan çıxarılır. Həmin maddəyə əsasən, şəxs bəzi hallarda yanlış məlumat yaysa belə, onun məsuliyyəti olmurdu (məsələn, əgər o, faktları yoxlamağa çalışmış, zərərin qarşısını almaq üçün tədbir görmüş və ya ictimai maraqlara xidmət etmişdisə).
Qanun layihəsi böhtanla bağlı məhkəmə proseslərinin müddətlərini də azaldır: barışıq üçün mövcud bir aylıq müddət 10 günə endirilir.
Eyni zamanda, əgər məhkəmə hesab etsə ki, təkzib və ya düzəlişin dərc edilməsi zərərin ödənilməsi üçün kifayət deyil, cavabdehə həm maddi, həm də mənəvi zərərin ödənilməsi öhdəliyi verilə bilər.
Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra, qanunda nəzərdə tutulan 100 günlük müddət ərzində (bu müddət ərzində şəxs böhtana görə məhkəməyə müraciət edə bilər) – yeni qanun qüvvəyə minməmişdən əvvəl verilmiş bəyanatlara da şamil ediləcək, əgər həmin müddət hələ bitməyibsə.
mənbə: interpress