Nurəddin Nəbiyev: "Məni vuran Marneuli merinin kiçik qardaşıdır"

Apr 16, 2026 - 14:08
 0  171
Nurəddin Nəbiyev: "Məni vuran Marneuli merinin kiçik qardaşıdır"

Bolnisidə fiziki zorakılığa məruz qalan mülki fəal Nurəddin Nəbiyev ona hücum edən şəxslərdən birinin kimliyini açıqlayıb.

Fəalın iddiasına görə, ona ilk zərbəni endirən şəxs Marneuli bələdiyyəsinin meri Davur İsmayılovun kiçik qardaşı Kamal İsmayılovdur.

Xeber.ge xəbər verir ki,"TV Pirveli"yə istinadən verdiyi məlumata görə, Nurəddin Nəbiyev hücumçunu sosial şəbəkələr vasitəsilə müəyyən edib.

  N. Nəbiyev bildirib ki, hücum edənlərin siması yaddaşında qalıb və o, Facebook-da apardığı axtarışlar zamanı həmin şəxsi tanıyıb:

"Mənə ilk zərbəni vuran və yanında dayanan şəxsləri dəqiq xatırlayıram. Sosial şəbəkədə araşdırma apararkən həmin gəncin fotosunu gördüm və əmin oldum ki, bu, Marneuli merinin kiçik qardaşıdır. O mənə vurduqdan sonra digərləri də hücuma keçdi. Yanındakıların kim olduğunu bilmirəm, amma yəqin ki, dostları idi. Hələ də heç kim həbs olunmayıb."

  Xatırladaq ki, insident aprelin 14-də N. Nəbiyevə məxsus "Çay evi"ndə baş verib. Fəalın sözlərinə görə, 9 nəfərdən ibarət qrup ona hücum edərək ağır fiziki xəsarətlər yetirib. Baş və üz nahiyəsindən ciddi zədələr alan fəal xəstəxanaya yerləşdirilib.

  Nurəddin Nəbiyev hücumun siyasi motivli olduğunu, sosial şəbəkələrdəki aktivliyi və yerli hakimiyyəti tənqid etdiyi üçün "Gürcü Arzusu"nun üzvləri tərəfindən hədəf alındığını iddia edir.

  Qeyd edək ki, Marneuli merinin digər qardaşı Kənan İsmayılov da bir neçə gün əvvəl qrup şəklində zorakılıq ittihamı ilə saxlanılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Hazırda Bolnisidə baş vermiş sonuncu faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırması davam edir.