Nika Meliyaya qarşı daha bir cinayət işi başlanıb

Nika Meliyaya qarşı daha bir cinayət işi başlanıb – bu dəfə məhkəmə hakiminə qarşı hörmətsizliyə görə
Daxili İşlər Nazirliyi müxalif siyasətçi, “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri olan Nika Meliya barəsində daha bir cinayət işi açıb. Bu dəfə o, Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvangiradzeyə qarşı hörmətsizlikdə ittiham olunur. İttihama görə, Meliyaya hakimin üzərinə su sıçratmaqla onu təhqir edib.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsi ilə araşdırılır. Həmin maddəyə əsasən, məhkəməyə hörmətsizlik 180-dən 240 saatadək ictimai işlər və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Mayın 30-da Tbilisi Şəhər Məhkəməsində Nika Meliyaya qarşı prokurorluğun irəli sürdüyü digər cinayət işi üzrə proses keçirilib. Siyasətçi, “Gürcü Arzusu”nun təşəbbüsü ilə yaradılmış parlamentin müvəqqəti istintaq komissiyasının iclaslarına qatılmadığına görə ittiham olunur.
Məhkəmə iclasından bir gün əvvəl, mayın 29-da Meliya Tbilisidə saxlanılıb. Rəsmi səbəb – polis əməkdaşına qarşı hörmətsizlik göstərməsi olub.
Məhkəmədə Meliya hakimi tənqid edərək bildirib:
“Adamı maraqlandırmır ki, oğurlanmışam, ya yox. Şüşə kimi baxır. Siz bu cinayətkar zəncirin bir halqasısınız. Heç bir sual da vermirsiniz – kim məni oğurlayıb?”
Bu sözləri dedikdən sonra siyasətçi hakimin üzərinə su sıçradıb. Hadisə səbəbilə məhkəmə iclası dayandırılıb. Hakim İrakli Şvangiradze prosesi yenidən başladıqdan sonra qərar verib ki, Meliyaya qarşı əvvəllər seçilmiş girov qətimkan tədbiri həbs tədbiri ilə əvəz olunsun.
Beləliklə, Nika Meliya, keçmiş müdafiə naziri İrakli Okruaşvili və “Girçi – Daha çox azadlıq” partiyasının lideri Zurab Japaridzedən sonra eyni səbəblə – Tea Tsulukianinin rəhbərlik etdiyi parlament komissiyasının iclaslarına qatılmadıqlarına görə həbs olunan üçüncü siyasətçidir.
Qeyd edək ki, komissiyanın vəzifəsi keçmiş hakimiyyət dövründə baş vermiş mümkün cinayətləri araşdırmaqdır. Həm Nika Meliya, həm də Zurab Japaridze “Vahid Milli Hərəkat”a 2012-ci ildən sonra – partiya müxalifətə keçəndən sonra qoşulublar. Onlar 2012-ci ilədək dövlət vəzifəsi tutmayıblar.
mənbə: marneulifm