Mixail Saakaşvili: "Ətrafımda Rusiyanın agenti var idi, mənə o xəyanət etdi"

May 21, 2026 - 13:29
 0  20
Mixail Saakaşvili: "Ətrafımda Rusiyanın agenti var idi, mənə o xəyanət etdi"

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili növbəti məhkəmə iclasında sensasiyalı bəyanatla çıxış edib.

Xeber.ge xəbər verir ki,  hazırda həbsdə olan eks-prezident onun yaxın ətrafına Rusiyanın gizli agentinin yerləşdirildiyini və həmin şəxs tərəfindən iki dəfə xəyanətə uğradığını iddia edib.

Saakaşvili çıxışında həmin casusun ad və soyadını açıqlamasa da, xəyanətin təfərrüatlarını bölüşüb.

Eks-prezidentin sözlərinə görə, o, hələ 2020-ci ildə Gürcüstana qayıtmağı planlaşdırıb. Lakin onun ətrafında etibar qazanmış həmin şəxs Saakaşvilinin dəqiq koordinatlarını Bidzina İvanişvilinin rəhbərlik etdiyi hökumətin güc strukturlarına ötürüb.

Plan rəsmi Tbilisi tərəfindən qabaqcadan bilindiyi üçün Saakaşvili geri qayıtmaq məcburiyyətində qalıb.

Üçüncü prezident bildirib ki, Gürcüstana gizli şəkildə daxil olduğu ikinci cəhd zamanı həmin şəxs onu təyin olunmuş ərazidə qarşılamalı idi, lakin sözünə əməl etməyib:

"O, məni qarşılamadı. Üstəlik, mən gəldikdən dəqiq iki saat sonra, Rusiyanın tapşırığı ilə mənim bütün şəxsi məlumatlarımı və yerimi o zamankı güc strukturlarına ötürdü".

Ukraynada yüksək statuslu və rahat həyata malik olmasına baxmayaraq, Gürcüstanın "kiçilməsinə" dözə bilmədiyi üçün qayıtmaq qərarı verdiyini deyən Saakaşvili, həmin casusun onu daim şirnikləndirdiyini vurğulayıb:

"Ətrafımda elə bir insan var idi ki, mənə davamlı olaraq 'gəl, gəl' deyirdi. Əslində mənim buna ehtiyacım yox idi, lakin o, bu yolla ətrafımda müəyyən bir etibar qazana bildi.

Xəyanət həmişə olub və olacaq, əsas odur ki, biz bununla barışmayaq və mübarizə əzmimizi itirməyək".

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci ilin payızında Gürcüstana gizli şəkildə qayıtdıqdan dərhal sonra Tbilisidə həbs edilib və hazırda müvafiq ittihamlar üzrə cəza çəkir.