Merin nümayəndəsi rüşvət alma ittihamı ilə saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Oninin Şqmeri inzibati vahidində bələdiyyə başçısının nümayəndəsini rüşvət alma faktı ilə saxlayıblar.
Bu barədə qurumda keçirilmiş brifinqdə məlumat verilib.
İstintaqın məlumatına görə, saxlanılan şəxs – Z.J. vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maddi qazanc məqsədilə, idarə etdiyi ərazidə faydalı qazıntı – torf hasilatı üçün vətəndaşdan rüşvət qismində 1 800 lari tələb edib və alıb. O, məhz pulu aldığı anda hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə istintaq aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti bəyan edib ki, gələcəkdə də maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı sərt cinayət hüququ siyasətini davam etdirəcək.
mənbə: interpress