Marneulidə insan alveri və seksual istismar ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstan Prokurorluğu Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan bir şəxsə qarşı ittiham irəli sürüb.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, Marneulidə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatma yolu ilə öz təsiri altına salaraq seksual istismara məruz qoyub.
İttihama görə, o, zərərçəkmiş şəxsi digər şəxslərə seksual xidmət göstərməyə məcbur edib, əldə olunan pulu isə özü götürüb. Tabe olmadığı təqdirdə fiziki zorakılıqla hədələyib. Bundan əlavə, təqsirləndirilən şəxs zərərçəkmişə qarşı zorakılıq və seksual xarakterli digər hərəkətlər də törədib.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 2026-cı il noyabrın 22-də saxlayıblar.
Ona Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin birinci hissəsi (insan alveri – istismar məqsədilə şəxsin aldatma yolu ilə cəlb edilməsi), 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmiş şəxsdə fiziki ağrıya səbəb olan zorakılıq) və 138-ci maddəsinin birinci hissəsi (seksual xarakterli digər hərəkət) ilə ittiham irəli sürülüb. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.