Gürcüstanın Baş naziri Blinkeni yalan danışmaqda ittiham edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət katibi Antoni Blinkeni yalan danışmaqda ittiham edib.
"Dövlət katibinin bəyanatında dinc nümayişçilərlə bağlı yalan ifadələr var. Ümid edirəm ki, yanvarın 20-dən sonra heç bir bəyanatda buna rast gəlməyəcəyik", - İ.Kobaxidze Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar və Blinkenin Tbilisidəki dinc nümayişçilərin səsini boğmağa çalışanların cəzalandırılması ilə bağlı bəyanatını şərh edərkən jurnalistlərə bildirib.
İ.Kobaxidze, həmçinin Ukrayna ilə münasibətlər məsələsinə toxunaraq, Gürcüstanın bu ölkə ilə birtərəfli dostluq rejimində qaldığını bildirib.
"Bu ölkə, onun dost xalqı bizim üçün çox əzizdir. Buna görə də Ukrayna rəhbərliyi hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Ukraynaya və onun xalqına sadiq qalırıq", - Baş nazir Ukrayna tərəfindən Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi barədə məlumatı şərh edərkən bildirib.
O qeyd edib ki, Ukrayna rəhbərliyi sanksiyalar barədə qərar qəbul edərkən çətin ki, müstəqil olub: "Görünür, müəyyən qüvvələr ABŞ-nin yeni administrasiyasına regionumuzda ağır irs qoymağa çalışırlar".
mənbə: report