Gürcüstanda ən çox hansı ölkənin vətəndaşları yaşayır?

Jun 22, 2026 - 13:45
 0  22
Gürcüstanda ən çox hansı ölkənin vətəndaşları yaşayır?

Gürcüstan Milli Statistika Xidmətinin direktoru Qoqita Todradzenin keçirdiyi brifinqdə verdiyi məlumata görə, 2024-cü ildə keçirilmiş ümumi əhali siyahıyaalınmasının nəticələrinə əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 930 min nəfər təşkil edib.

XEBER.GE xəbər verir ki, rəsmi statistikaya görə, ölkə əhalisinin 52%-ni qadınlar, 48%-ni isə kişilər təşkil edir.

Qoqita Todradze bildirib ki, 2014-cü ildə keçirilən əvvəlki siyahıyaalma ilə müqayisədə Gürcüstan əhalisinin sayı 5.8% (yəni 216 min nəfər) artıb. Xatırladaq ki, 2014-cü ildə ölkə əhalisi 3 milyon 713 min nəfər idi.

Açıqlanan hesabatda Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının daxili strukturuna dair bəzi maraqlı detallar da yer alıb. Məlumata görə, ümumi əhalinin 3.9%-ni, yəni 133 857 nəfərini Gürcüstanda daimi məskunlaşan əcnəbilər təşkil edir. Beləliklə, ölkədə xalis Gürcüstan vətəndaşı olan şəxslərin sayı 3 795 724 nəfərdir.

Gürcüstanda daimi yaşayan əcnəbilərin vətəndaşlığına görə ilk 10 ölkənin sıralaması isə belədir:

·         Rusiya vətəndaşları – 37 715 nəfər

·         Hindistan vətəndaşları – 23 925 nəfər

·         Ukrayna vətəndaşları – 11 542 nəfər

·         Azərbaycan vətəndaşları – 8 309 nəfər

·         Ermənistan vətəndaşları – 5 381 nəfər

·         Türkiyə vətəndaşları – 5 262 nəfər

·         Belarus vətəndaşları – 4 473 nəfər

·         İran vətəndaşları – 4 322 nəfər

·         İsrail vətəndaşları – 3 244 nəfər

·         İordaniya vətəndaşları – 3 037 nəfər