Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər

Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər təklif olunur. Yeni dəyişikliklərə əsasən, qrant anlayışı daha da konkretləşdiriləcək – texniki və ekspert yardımı, biliklərin paylaşımı və bu qəbildən olan digər töhfələr də artıq qrant hesab ediləcək.
Bu barədə qanunvericilik təşəbbüsü parlamentin plenar iclasında “Gürcü Arzusu” partiyasının deputatı Tornike Çeişvili tərəfindən təqdim olunub. Onun sözlərinə görə, dəyişikliklər Avropa İttifaqının “Horizon Europe” tədqiqat və innovasiya proqramı və “Erasmus+” təhsil proqramı çərçivəsində verilən qrantların hökumət razılığı olmadan qəbul edilməsinə imkan verəcək. Bu proqramlar qrant razılığı tələbindən istisna ediləcək.
Çeişvilinin məlumatına görə, dəyişikliklər qrant çərçivəsində verilən vəsaitlərin istifadə sahələrinə də aiddir və bunlar humanitar, müdafiə və təhlükəsizlik sahələrini əhatə edir. O, əlavə edib ki, qanun layihəsində qrant verə biləcək subyektlərin dəqiq siyahısı müəyyən ediləcək və istənilən beynəlxalq təşkilat tərəfindən təqdim olunan maliyyə vəsaitinin qrant kimi tanınması hüquqi əsasla təmin olunacaq.
Qeyd edək ki, Gürcüstan parlamenti artıq bir qanun qəbul edib. Həmin qanuna əsasən, qrantların verilməsi yalnız hökumətin və ya onun müəyyən etdiyi səlahiyyətli şəxsin/strukturun razılığı ilə mümkündür. Bu razılıq olmadan verilmiş qrantların qəbul edilməsi qadağandır. Qrantların verilməsi və qəbulunun monitorinqi isə Antikorrupsiya Bürosuna həvalə olunub.
Təklif olunan yeni dəyişikliklər parlament tərəfindən birinci oxunuşda müzakirə olunacaq.
mənbə: interpress