Gürcüstanda korrupsiya əməliyyatı

Jun 30, 2026 - 11:52
 0  31
Gürcüstanda korrupsiya əməliyyatı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı məlumata görə, həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində iki fərqli korrupsiya faktı üzrə iki nəfər vəzifəli şəxs saxlanılıb.

 XEBER.GE  xəbər verir ki, hər iki şəxs xidməti mövqeyindən sui-istifadə edərək vətəndaşlardan rüşvət almaqda ittiham olunur.

İstintaqla müəyyən edilib ki, Poti Şəhər Meriyasının Xidmət Mərkəzində çalışan şəxs öz xidməti mövqeyindən şəxsi mənfəət məqsədilə istifadə edib. O, bələdiyyənin balansında olan dövlətə məxsus xüsusi texnika vasitəsilə bir vətəndaşın şəxsi torpaq sahəsində iş görmək müqabilində həmin şəxsdən qanunsuz olaraq 400 lari tələb edib və nağd pulu alarkən saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü hissəsi (Kommersiya rüşvətxorluğu) ilə istintaq aparılır. Bu maddə 2 ildən 4 ilədək həbs cəzası nəzərdə tutur.

 Digər əməliyyat isə rüşvət tələb etmə və alma ittihamı ilə Cavaxeti Mühafizə Olunan Ərazilərində keçirilib.

Mühafizə Olunan Ərazilər Agentliyinin Cavaxeti bölməsinin reynceri, dövlətə məxsus meşə sahəsindən qanunsuz olaraq torpağın münbit qatını çıxarmaq istəyən vətəndaşa icazə vermək müqabilində ondan rüşvət qismində 600 lari tələb edib. İstintaq Xidmətinin əməkdaşları reynceri rüşvət pulunu alan zaman cinayət başında yaxalayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi (Rüşvət alma) ilə cinayət işi açılıb. Bu maddənin sanksiyası daha ağırdır və təqsirkar şəxsi 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.