Gürcüstanda hər 3 nəfərdən biri özünü kasıb hesab edir

Jun 24, 2025 - 15:44
 0  19
Gürcüstanda hər 3 nəfərdən biri özünü kasıb hesab edir

Gürcüstanda hər 3 nəfərdən biri özünü kasıb hesab edir, hər 5 nəfərdən biri isə dövlətin sosial yardım proqramından faydalanır. Bu barədə məlumat 2025-ci ilin may ayına dair Sosial Xidmət Agentliyinin statistikasında yer alıb.

Statistikaya əsasən, may ayına olan məlumata görə, Gürcüstanda 705 090 nəfər sosial yardım alır. Onlardan 465 510 nəfəri yalnız yaşayış minimumu üçün təyin olunmuş sosial yardım alır, qalan 239 580 nəfər isə məşğulluğa dəstək dövlət proqramının iştirakçısıdır. Bu şəxslərə 4 il ərzində sosial müdafiə statusu zəmanətli şəkildə saxlanılır.

Müqayisə üçün qeyd edək ki, ötən ilin may ayında yardım alanların sayı 667 528 nəfər idi.

Eyni zamanda, 2025-ci ilin may ayı etibarilə, Sosial Xidmət Agentliyinin bazasında 1 291 151 nəfər qeydiyyatdadır. Yəni bu qədər insan özünü yoxsul hesab edir və dövlət yardımına ehtiyac duyduğunu bəyan edib. 2024-cü ilin may ayında bu göstərici 1 237 467 nəfər idi.

Milli Statistika İdarəsinin (Sakstat) məlumatına görə, hazırda Gürcüstanda 3 704 500 nəfər yaşayır.

mənbə: marneulifm