Gürcüstan həbsxanalarında tam çılpaq yoxlama praktikası ləğv olundu

Jun 13, 2025 - 12:53
 0  33
Gürcüstan həbsxanalarında tam çılpaq yoxlama praktikası ləğv olundu

Gürcüstan Xalq Müdafiəçisinin (Ombudsman) məlumatına görə, ölkənin bütün penitensiar müəssisələrində məhbusların yoxlanılması zamanı onların tamamilə soyundurulması praktikası qadağan edilib.

Ombudsman Aparatının açıqlamasına əsasən, Ədliyyə Nazirliyi Xalq Müdafiəçisinin tam yoxlama zamanı məhbusların çılpaq yoxlanmasının ləğvi tələbi ilə razılaşıb və müvafiq dəyişikliklər edib.

Qeyd olunur ki, 2025-ci il fevralın 5-də Xalq Müdafiəçisi Konstitusiya Məhkəməsinə müraciət edərək №2, №3, №6, №8, №11, №14, №15, №16, №17 və №18 penitensiar müəssisələrin qaydalarında məhbusların tam soyundurulmasını nəzərdə tutan normaların konstitusiyaya uyğunluğunu mübahisələndirmişdi. Həmin qaydalara əsasən, tam yoxlama zamanı ittiham olunan və ya məhkum edilmiş şəxslər səlahiyyətli şəxsin göstərişi ilə tamamilə soyunmalı və ya bədənlərinin müvafiq nahiyələrini açmalı idilər.

Xalq Müdafiəçisi uzun illər ərzində parlamentə təqdim etdiyi hesabatlarda və birbaşa ədliyyə nazirinə etdiyi müraciətlərdə bu praktikaya son qoyulmasını tələb edirdi. Lakin bu günə qədər həmin tövsiyələr icra olunmamışdı.

Konstitusiya şikayətindən sonra, 2025-ci il iyunun 11-də Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsinə məlumat verib ki, 2025-ci il iyunun 10-da ədliyyə nazirinin əmri ilə mübahisələndirilən №1851 normativ aktlara dəyişikliklər edilib və mübahisə predmeti olan məsələlər tamamilə aradan qaldırılıb.

Xalq Müdafiəçisi Ədliyyə Nazirliyinin qərarını alqışlayıb və Konstitusiya Məhkəməsinə bu iş üzrə icraatın dayandırılması barədə müraciət edib.

mənbə: interpress