Gürcüstan DTX-dən antiterror əməliyyatı: İŞİD-ə qoşulmaq istəyən şəxslər tutulub
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Batumi şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində beynəlxalq terror təşkilatı "İslam Dövləti" (İŞİD) ilə əlaqəli olduğu iddia edilən iki nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərdən biri xarici ölkə vətəndaşı, digəri isə Gürcüstan vətəndaşıdır.
Xeber.ge xəbər verir ki,
DTX-nin yaydığı məlumata əsasən, həmin şəxslər ölkəyə daxil olduqları ilk gündən Dövlət Təhlükəsizlik Xidmətinin Kontrterror Mərkəzinin əməliyyat nəzarətində olublar. Onların Gürcüstana gəliş məqsədləri və planlaşdırdıqları fəaliyyətlər barədə məlumatlar hakimiyyət tərəfindən əvvəlcədən əldə edilib.
İstintaqla müəyyən edilib ki, saxlanılanlar İŞİD sıralarına qoşularaq "bəyət" (sədaqət andı) veriblər. Onlar bu andı videoçəkilişlə qeydə alaraq təşkilat rəhbərlərinə göndərib və terrorçuların istənilən tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildiriblər. Şübhəli şəxslərin Gürcüstandan üçüncü bir ölkəyə keçərək İŞİD-in döyüşçü qruplarına qoşulması planlaşdırılıb.
Əməliyyat zamanı şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar nəticəsində:
- Elektron informasiya daşıyıcıları;
- Qeydiyyatdan keçməmiş SIM-kartlar;
- İŞİD simvolikası əks olunan əşyalar;
- Üz maskaları və şəxsi sənədlər aşkar olunaraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi (Xarici ölkənin terror təşkilatına birləşmə və ya terror fəaliyyətində yardım) ilə cinayət işi başlanılıb. Bu maddə 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda DTX tərəfindən işin bütün detallarının aydınlaşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.