Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb

Dec 2, 2024 - 00:27
 0  30
Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb

Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan uzaqlaşdırmağa çağırıb.

Bu barədə nazirliyin bəyanatında deyilir.

“Müxtəlif KİV-lər toplantı və nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü görüntüləri yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var. Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılığa çevrilib. Uşaqlar zorakı mühitdədir və onların xəsarət alması riski yüksəkdir. Biz valideynləri uşaqları aqressiv mühitdən qorumağa çağırırıq”, - deyə nazirlik bildirib.

Qurum, polisə davam edən hücumların artıq bir neçə saatdır davam etdiyini və etirazçıların hərəkətlərinin sülh toplanışı çərçivəsindən çıxdığını qeyd edib.

Daxili İşlər Nazirliyi onu da bildirib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, içəriyə tezalışan maddələr atırlar, daha sonra yanğın törətmək üçün içəriyə fişənglər atmağa çalışırlar.

mənbə: report