DTX rəhbəri istefa verdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili vəzifəsindən istefa verib.
Bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb.
Oxanaşvilinin açıqlamasına görə, o, fəaliyyətini Gürcüstanın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri kimi davam etdirəcək.
“İctimaiyyətə bildirmək istəyirəm ki, hakim komanda ilə aparılmış məsləhətləşmələrdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən istefa vermək və Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutmaq qərarı qəbul etdim.
2016-cı ildən hakim komandaya qoşulmuşam, 8 il ərzində parlament həyatında fəal iştirak etmişəm, daha sonra isə ədliyyə naziri vəzifəsində fəaliyyətimi davam etdirdim. Dövlət qulluğunda keçirdiyim 9 il gərgin əmək və böyük məsuliyyətlə dolu olub. Atılan hər addım dövlət maraqlarının müdafiəsinə yönəlib. Məmnunam ki, hakim komanda ilə birlikdə ölkəmizin milli maraqlarının qorunmasına və möhkəmlənməsinə öz töhfəmi verdim.
Xüsusi təşəkkürümü Bidzina İvanişviliyə bildirirəm – mənə göstərdiyi etimad və dəstəyə görə. Eyni zamanda, fəaliyyətimi Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri kimi davam etdirəcəyəm və bu fürsət üçün İrakli Kobaxidzeyə təşəkkür edirəm.
Müasir qlobal və regional çağırışlar fonunda ölkəmizin təhlükəsizliyi yeni təhdidlərlə üz-üzədir. Bu şəraitdə hökumət üçün analitik qiymətləndirmələrin hazırlanması və cavab tədbirlərinə dair tövsiyələrin işlənməsi böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, təcrübəm və biliklərim bu istiqamətdə uğurla fəaliyyət göstərməyimə kömək edəcək.
Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin tərəfdarı olaraq qalıram və qurumun şəxsi heyətinə birgə gördüyümüz işlər üçün təşəkkür edirəm. Gələcək rəhbərliyə və bütün əməkdaşlara uğurlar arzulayıram”, – deyə Anri Oxanaşvili bəyan edib.
mənbə: interpress