DTX "Kodori SES" rəhbərini həbs etdi: Milyonluq mənimsəmə etiraf olundu

Apr 23, 2026 - 20:12
 0  26
DTX "Kodori SES" rəhbərini həbs etdi: Milyonluq mənimsəmə etiraf olundu

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti külli miqdarda dövlət vəsaitini mənimsəmə və israf etmə faktı ilə bağlı mühüm əməliyyat keçirib. Əməliyyat nəticəsində "Enguri SES" MMC-nin tərkibindəki "Kodori SES-ləri" departamentinin rəhbəri saxlanılıb.

Xeber.ge xeber  verir ki, sözügedən müəssisə Gürcüstanın işğal olunmuş Abxaziya regionunda fəaliyyət göstərir.

  İstintaqla müəyyən edilib ki, vəzifəli şəxs işğal olunmuş ərazidəki infrastrukturun idarə edilməsi prosesində dövlətə məxsus iri məbləğdə pul vəsaitini mənimsəyib. Saxlanılan şəxs artıq istintaqla tam əməkdaşlıq edib və törətdiyi cinayəti etiraf edib.

  Dövlət Təhlükəsizlik Xidməti bu həbslə bağlı xüsusi bəyanat yayaraq bildirib ki, cinayətin işğal olunmuş ərazilərdə törədilməsi cəzasızlıq üçün zəmin yaratmır:

"Dövlətə məxsus vəsaitləri işğal olunmuş ərazilərdən istifadə etməklə mənimsəyə biləcəyini düşünənlərin nəzərinə: oxşar cinayətlər hətta işğal altındakı torpaqlarda törədilsə belə, cavabsız qalmayacaq".

  Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin müvafiq bəndləri (Külli miqdarda mənimsəmə və israf etmə) ilə ittiham irəli sürülüb. Onu 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.