Döyülən iş adamı ifadə verə bilmir: Marneuli merinin qardaşı ilə bağlı yeni detallar

Apr 7, 2026 - 14:16
 0  112

Bolnisidə iş adamına qarşı qrup şəklində zorakılıqda ittiham olunan Marneuli bələdiyyə merinin qardaşı Kənan İsmayılov barəsində rəsmi ittihamın irəli sürülməsi gözlənilir.

Xeber.ge xəbər verir ki, K. İsmayılov hazırda müvəqqəti saxlama təcridxanasında istintaq qrupunu gözləyir.

Məlumata görə, "qanlı hesablaşma" səhər saat 06:00 radələrində, polis idarəsinin binasından cəmi bir neçə metr məsafədə baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları mövcud deyil.

Yerli sakinlərin bildirdiyinə görə, merin qardaşı və daha bir neçə nəfər çörək biznesi ilə məşğul olan sahibkarı "məsələni aydınlaşdırmaq" üçün görüşə çağırıblar. Hücumda maskalı 5 nəfərin iştirak etdiyi və sahibkara qarşı vəhşicəsinə fiziki zorakılıq tətbiq edildiyi iddia olunur. Ağır xəsarətlər alan sahibkarın öz gücü ilə Marneuli polis idarəsinə gedərək kömək istədiyi bildirilir.

Hazırda xəstəxanada olan iş adamının səhhəti ağır olaraq qalır. Mənbələrin məlumatına görə, o, hazırda istintaqa ifadə verə biləcək vəziyyətdə deyil.

  Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (Zorakılıq) ilə cinayət işi açıb. Bu maddə üzrə təqsirləndirilən şəxsləri 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda yalnız Kənan İsmayılov saxlanılıb, digər şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır.

Qeyd olunur ki, hadisəyə səbəb tərəflər arasında biznes sahəsində yaranmış qarşıdurma olub.