Darial sərhəd-keçid məntəqəsində qalan 65 ukraynalı vətəndaş vətəninə qaytarıldı

Ukrayna tərəfi ilə aparılan uzunmüddətli və çoxistiqamətli danışıqların nəticəsində Darial sərhəd-keçid məntəqəsində qalan 65 ukraynalı vətəndaş çarter reysi ilə, üçüncü ölkə vasitəsilə, könüllü olaraq vətəninə qayıdıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasına əsasən, Gürcüstan tərəfi ukraynalıların Darialdan Tbilisi Beynəlxalq Hava Limanına gətirilməsini təmin edib və onlar Ukraynanın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib. Sonuncular isə onların təyyarəyə yerləşdirilməsini və uçuş zamanı müşayiət olunmasını həyata keçiriblər.
Qeyd olunur ki, sərhəddə hələ də müəyyən sayda şəxs qalır və onların da təhlükəsiz, təşkil olunmuş və könüllü şəkildə geri dönməsi üçün Gürcüstan tərəfi Ukrayna və beynəlxalq təşkilatlarla intensiv danışıqları davam etdirir.
Məlum olduğu kimi, Darial sərhəd-keçid məntəqəsinin neytral zonasına Rusiya Federasiyasından gələn 87 nəfər daxil olmuşdu. Onlar Gürcüstan sərhədini etibarsız sənədlərlə keçməyə cəhd göstərərək, özlərini Ukrayna vətəndaşı kimi təqdim edirdilər. Lakin dövlət təhlükəsizliyi baxımından bu şəxslərə ölkəyə giriş imkanı verilməmişdi. Gürcüstan DİN-in açıqlamasına görə, onların hamısının ağır cinayətlərlə bağlı keçmişi var və dəfələrlə məhkəmə tərəfindən ittiham olunublar.
Son aylar ərzində məsələ ilə bağlı Gürcüstan tərəfi Ukraynanın Tbilisidəki səfirliyi, beynəlxalq təşkilatlar, həmçinin Ukrayna Daxili İşlər Nazirliyi ilə fəal əməkdaşlıq aparıb. Nazirliyin bəyanatında vurğulanır ki, Gürcüstan dövlət qurumları həm ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunması, həm də neytral zonada qalan şəxslərin qısa zamanda vətənlərinə qaytarılması istiqamətində bütün lazımi tədbirləri görür.
mənbə: interpress