Anasını öldürməklə hədələyən şəxs saxlanıldı
Gürcüstanın Mtsxeta-Mtianeti bölgəsində ailə üzvünə qarşı zorakılıq və hədə-qorxu gəlməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Xeber.ge xəbər verir ki, əməliyyat Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, 1987-ci il təvəllüdlü İ.A. öz anasına — 1964-cü il təvəllüdlü L.A.-ya qarşı sistemli şəkildə psixoloji zorakılıq tətbiq edib. Bundan əlavə, saxlanılan şəxsin anasını mütəmadi olaraq öldürməklə hədələdiyi məlum olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.A. şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (prima) (Ailə üzvünə qarşı zorakılıq) və 151-ci (11-prima) (Ölümlə hədələmə) maddələri ilə cinayət işi başlanılıb.
Qanunvericiliyə əsasən, bu maddələr üzrə təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.