ABŞ Gürcüstan DİN-ə 733 min dollar dəyərində triaj laboratoriyası verib
ABŞ Müdafiə Nazirliyi Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) Gürcüstan Daxili İşlər Nazirliyi Məhkəmə Ekspertizası Departamentinə 733 min 490 ABŞ dolları dəyərində triaj laboratoriyası göndərib.
Laboratoriya tərəflər arasında son iki il ərzində icra olunan birgə layihə çərçivəsində təqdim edilib.
Gürcüstan DİN-in məlumatına görə, laboratoriyanın təhvil verilməsi ilə bağlı daxili işlər nazirinin müavini Şalva Tadumadze və Məhkəmə Ekspertizası Departamentinin direktoru Tengiz Sisauri ABŞ Müdafiə Nazirliyi və Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin rəhbər şəxsləri ilə görüş keçiriblər.
Görüşdə Gürcüstan tərəfi göstərilən dəstəyə görə ABŞ-yə təşəkkür edib. Ş.Tadumadze bildirib ki, yeni triaj laboratoriyası DİN Məhkəmə Ekspertizası Departamentinin texniki və peşəkar imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, bu isə xüsusilə fövqəladə hallar və təhlükəsizliklə bağlı araşdırmaların operativliyinə müsbət təsir göstərəcək.
mənbə: report