Gürcüstanda yeni yol hərəkəti qaydaları: Sürücülük vəsiqəsinin balları daha tez silinəcək
Gürcüstan Parlamentinin Hüquq məsələləri komitəsi "İnzibati Xətalar Məcəlləsi"nə edilən dəyişiklikləri ikinci oxunuşda dəstəkləyib. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin artırılmasını nəzərdə tutur.
Xəbər.ge xəbər verir ki, yeni qaydalar həm pul cərimələrinin artırılmasını, həm də sürücülük vəsiqəsindən balların silinməsi sisteminin sərtləşdirilməsini ehtiva edir.
Yeni cərimələr və bal sistemindəki dəyişikliklər
Qanun layihəsinə əsasən, əsas qayda pozuntuları üzrə sanksiyalar aşağıdakı kimi müəyyən edilib:
Manevr qaydalarının pozulması: 100 lari cərimə və vəsiqədən 20 balın silinməsi;
Sürət həddinin aşılması: 100 lari cərimə;
Təhlükəsizlik kəmərindən istifadə etməmək və sükan arxasında telefondan istifadə: 50 lari cərimə və 10 balın silinməsi.
Paytaxt və kurort zonalarında parkinq qaydaları
Dayanma və durma qaydalarının pozulmasına görə cərimə təkcə Tbilisidə deyil, digər iri şəhərlərdə və kurort zonalarında da 50 lariyə çatdırılır. Avtobus zolağında ("BUS LANE") əks istiqamətdə hərəkət edənlər 200 lari məbləğində cərimələnəcəklər. Səkidə və ya piyada keçidində avtomobil saxlayanları isə 100 lari cərimə və nəqliyyat vasitəsinin evakuasiyası gözləyir.
"Drift" və infrastrukturun zədələnməsi
Küçələrdə "drift" edən sürücülərə qarşı da tədbirlər sərtləşdirilir. Əgər bu hərəkət nəticəsində şəxsə və ya əmlaka ziyan dəyərsə, sürücü 500 lari cərimə olunacaq və sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq.
Yol infrastrukturuna ziyan vuran və təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər üçün cərimələr isə 2 000 lari ilə 5 000 lari arasında müəyyən edilib.