"USS Gerald R. Ford" təyyarə gəmisindəki yanğın 30 saatdan çox davam edib
ABŞ-yə məxsus "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisində başlayan yanğının qarşısını almaq üçün ekipaj üzvlərinə 30 saatdan çox vaxt lazım olub.
Xeber.ge xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Bildirilir ki, hadisə mart ayının 12-də hərbi gəminin mərkəzi camaşırxanasında qeydə alınıb. Alovla mübarizəyə cəlb edilən iki şəxs xəsarət alıb, onlarla dənizçi isə tüstüdən zəhərlənib. Zərərçəkənlərin həyati təhlükəsinin olmadığı bildirilir. Həmçinin yanğın nəticəsində 600-dən artıq heyət üzvünün şəxsi əşyaları və yataq yerləri yanaraq yararsız hala düşüb. Hazırda həmin dənizçilərin "döşəmə üzərində və masalarda" yatmaq məcburiyyətində qaldığı vurğulanıb.
Məlumata əsasən, "USS Gerald R. Ford"un göyərtəsində ümumilikdə 4 500 dənizçi və pilotun xidmət etdiyi qeyd olunur. Sözügedən təyyarədaşıyan gəminin təqribən 10 aydır ki, missiya icra etdiyi bildirilir.
Xatırladaq ki, martın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərq bölgəsində, xüsusən Qırmızı dəniz akvatoriyasında İrana qarşı hərbi tapşırıqları yerinə yetirən "USS Gerald R. Ford" gəmisinə atəş açıldığı barədə açıqlama vermişdi. Bunun ardınca İran tərəfindən "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının nümayəndəsi iddia ilə çıxış edərək bildirmişdi ki, ABŞ hərbçiləri İrana qarşı planlaşdırılan növbəti hərbi həmlələrdən boyun qaçırmaq məqsədilə təyyarədaşıyan gəmini bilərəkdən özləri atəşə tutublar.
mənbə: oxu.az