Tbilisidə parlament qarşısında aclıq aksiyası: Elene Xoştaria və Qedevan Popxadze etiraz aksiyasına başladı

Tbilisidə, Gürcüstan parlamentinin qarşısında “Koalisiya Dəyişiklik üçün” siyasi hərəkatının liderlərindən Elene Xoştaria aclıq aksiyasına başladığını elan edib.
O, bu barədə Rustaveli prospektində jurnalistlərə açıqlama verib.
Elene Xoştaria bildirib ki, hakimiyyətin siyasi opponentlərə qarşı repressiyaları fonunda onun aclıq aksiyası emosional və ya düşünülməmiş addım deyil, qətiyyətli və məqsədyönlü mübarizə formasıdır.
“Rustaveliyə gəlmək qərarına gəldim, çünki bu, ölkəmizin əsas mübarizə meydanıdır və bu mübarizə Rusiyaya qarşıdır. Biz bir çox mərhələ keçdik: 300 min nəfərlə küçələrdə dayanıb fəxr etdiyimiz dövrdən tutmuş siyasi opponentlərin həbsinə, siyasi məhbusların valideynlərinin ölümü ilə üzləşməyimizə qədər. İndi rejim yeni hücuma keçib və demək olar ki, bütün siyasətçiləri həbs edib. Mən də mübarizənin yeni formasını elan edirəm – aclıq aksiyası. Buradan ayağımı çəkməyəcəyəm. Bu addım sadəcə emosional və ya ümidsiz deyil, qətiyyətli qərardır. Əgər siz həyatın və azadlığın qiymətini görmürsünüzsə – bax, mənim həyatım və azadlığım da budur və yenə də bizi məğlub edə bilməyəcəksiniz. Bu, “Gürcü Arzusu”na ünvanlanan mesajımdır,” – deyə Xoştaria bildirib.
O, həmçinin ictimaiyyətə müraciət edərək bildirib ki, “inqilab və küçədə bu hakimiyyətin devrilməsi yeganə yoldur”. “Heç kimə nə vaxt küçəyə çıxacağını öyrədə bilmirəm, heç kimə nə vaxt həbsə girəcəyini və ya aclıq edəcəyini deyə bilmirəm, amma öz nümunəmlə göstərirəm ki, mən bu rejimə qarşı həyatımı qurban verməyə hazıram və bunu edəcəyəm,” – deyə Elene Xoştaria əlavə edib.
Bundan əlavə, “Koalisiya Dəyişiklik üçün” üzvü Qedavan Popxadze də parlament qarşısında aclıq aksiyasına başladığını açıqlayıb.
O bildirib ki, Elene Xoştarianın başlatdığı aksiyaya qoşulur, çünki hazırkı vəziyyətdə bu, düzgün və zəruri addımdır.
“Bu rejimlə hər hansı əməkdaşlıq mümkün deyil. Faktiki olaraq qanunsuz, repressiv bir sistem qurulub ki, insanları təqib edir və yalnız bir nəfərin maraqlarına xidmət edir. Biz buna qarşı çıxmasaq, həm qanunsuz olaraq həbsdə olan insanlara, həm də cəmiyyətə xəyanət etmiş olarıq. Ona görə də hesab edirəm ki, bu gün bu, düzgün formadır. Ya ölüm, ya qələbə. Mən heç kimə çağırış etmirəm, amma inanıram ki, bu etiraz bir çoxları üçün cəlbedici nümunə olacaq,” – deyə Popxadze qeyd edib.
Qeyd edək ki, dünən parlament qarşısında aclıq aksiyasına başlayan ilk şəxs “Koalisiya Dəyişiklik üçün” liderlərindən Elene Xoştaria olub. O, rejimə qarşı mübarizədə həyatını qurban verməyə hazır olduğunu bəyan edib.
mənbə: interpress