Şəhidliyin mənası
Quran ayələrində və Həzrət Peyğəmbərin (s) kəlamlarında şəhid üçün elə bir məqam nəzərdə tutulmuşdur ki, hər bir müsəlman bu məqama nail olmağa can atır.
Şəhidlik Allah yolunda öldürülmək deməkdir və Allah yolunda öldürülənə şəhid deyilir. Şəhidlik ən yüksək insani fəzilətlərdən biri və ən şərəfli ölüm növüdür. Qurani-Kərimin ayələrində və Həzrət Peyğəmbərin (s) kəlamlarında şəhid üçün elə bir yer nəzərdə tutulmuşdur ki, hər bir müsəlman bu məqama nail olmağa can atır. Şəfaət etmək hüququ, ali həyat və günahların bağışlanması kimi məqamlar onun yalnız bir hissəsidir.
Şəhid hərfi mənada hazır olan və müşahidə edən kimsə deməkdir. Şəhidin “şəhid” adlandırılması ona görədir ki, belə bir insan, biz öldüyünü zənn etməyimizə baxmayaraq, o vardır və bizi müşahidə edir. Həmçinin Qiyamət günü bizim əməllərimizə şahidlik edəcək. Fəqihlərin fikrincə, şəhidin cənazəsinin yuyulmasına və kəfənlənməsinə ehtiyac yoxdur və onun bədəninə toxunmaq məssi-meyit qüslünü vacib etmir. Əlbəttə ki, bu hökm kafirlərlə döyüş meydanında öldürülən şəxsə xasdır və başqalarını əhatə etmir.
Qurani-Kərimdə şəhadət “qutilə fi səbilillah” (Allah yolunda öldürülmək) ifadəsi ilə zikr olunur. Qurani-Kərimin bir ayəsində bu məsələ belə bildirilir: “Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz” (Bəqərə, 154). Quran təfsirçiləri inanırlar ki, bu ayəyə əsasən şəhidlərin dünya həyatı var. Onlar bizim hərəkətlərimizi izləyir, bizi görür və yanımızda olurlar; lakin biz onların varlığını hiss etmirik. Həmçinin başqa bir ayədə şəhidlərin diri olduqları və Rəbbindən ruzi aldıqları vurğulanır: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir” (Ali-İmran, 169).
Şəhidlərin həyatından məqsəd təkcə ölümdən sonrakı həyat və Bərzəx aləmindəki həyat deyil. Quran ayələrinə əsasən, bütün insanların ölümdən sonra həyatı vardır və heç bir insan öldükdən sonra aradan getmir, həqiqətdə, yaşamağa davam edir. Daha doğrusu, bu dünyada yaşamaq və bu dünyaya təsir etmək deməkdir. Şəhidlər hətta biz zəif insanlara kömək etməyə tələsər, qəlbimizi titrədib, doğru yola yönəldə bilər. Şəhidlər sözün əsl mənasında yaşayırlar və onların dünyamıza təsiri kifayət qədər aydındır.
mənbə: iqna