Qurani-Kərimdə təvəkkül ilə iman və təqva arasındakı əlaqə

Təvəkkül din, irfan və əxlaq sahələrində geniş mənalar daşıyan, müxtəlif mövzularla, o cümlədən, iman və təqva ilə bağlı olan bir termindir.
“Təvəkkül”ün eyni kökdən olan və ondan alınan sözləri təxminən yetmiş dəfə müxtəlif mənalarda işlənmişdir. Demək olar ki, Quranda təvəkküllə bağlı bəhs edilən ən mühüm mövzu imandır. “Möminlər Allaha təvəkkül etsinlər” ifadəsi Quranın bir çox surələrində təkrarlanır ki, bu da açıq şəkildə təvəkkülün imanın şərti olduğunu bildirir.
Çoxsaylı başqa ayələr də bu mənaya işarə edir; Həzrət Musa (ə) Bəni-İsrailin müqəddəs torpağa daxil olmasını əmr edərkən, onlar o torpaqda olan güclü dəstənin qorxusundan bu işi yerinə yetirməkdən imtina etdilər (Maidə, 21-22). Qurani-Kərim iki müttəqi insanın sözündən belə nəql edir: “(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin” (Maidə, 23).
Bu iki şəxsin ayədə bir neçə təsviri var. Onlar hər şeydən əvvəl Allahdan qorxurdular və Allahdan başqa heç kimdən qorxmazdılar. İkincisi, ilahi nemətdən bəhrələndilər ki, bu da ilahi himayədir. Bu iki xüsusiyyətin nəticəsi odur ki, onlar mütləq qalib gələcəklərinə əmin idilər. Bu sifətlər Allaha təvəkkülə səbəb olur ki, bu da cihad etmək üçün elmi və əməli tələbdir. Ayənin sonunda bu əmanətin zəruri şərtinin iman olduğu da vurğulanır.
Qurani-Kərimdə təqva ilə yanaşı təvəkkül də işlədilir: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. (Talaq: 2-3). Təvəkküllə yanaşı səbir də iki ayədə qeyd olunur: “O kəslər ki, səbir edib Rəbbinə təvəkkül edirlər” (Nəhl, 42; Ənkəbut, 59). Bu ayələrdən belə başa düşülür ki, təvəkkül qətiyyət mərhələsinə bağlıdır və iman, təslimiyyət, etimad, təqva, səbir kimi bəzi məfhumlarla əməldə zühur edir. Başqa sözlə desək, bu anlayışların nəticəsi təvəkküllə münasibətdə semantik şəbəkə yaradır ki, bu da təvəkkülü daha yaxşı başa düşmək üçün təsirli olur.
mənbə: iqna