Qanunsuz silah-sursat əməliyyatı – 37 nəfər saxlanıldı

Aug 19, 2025 - 12:54
 0  19
Qanunsuz silah-sursat əməliyyatı – 37 nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları son üç gün ərzində Tbilisi və bölgələrdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və sursatın əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunan 37 nəfəri saxlayıblar.

Bu barədə DİN məlumat yayıb. 

Nazirliyin məlumatına görə, məhkəmə qərarı əsasında aparılan axtarışlar zamanı saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə, yardımçı binalarda və avtomobillərində müxtəlif tipli onlarla odlu silah və döyüş sursatı aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunub ki, törədilən cinayətlərə görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə istintaq aparılır.

DİN bildirir ki, ictimai asayişin və təhlükəsizliyin qorunması məqsədilə polis əməkdaşları ölkə üzrə 24 saatlıq rejimdə müvafiq tədbirləri davam etdirirlər.

mənbə: interpress