Məadın həqiqəti: Cismanidir yoxsa ruhani?
Quran ayələrinə görə toz halına gələn və parçalanan eyni bədən Allahın əmri ilə toplanacaq və məad cismani şəkildə baş verəcək.
İslamın böyük alimləri hesab edirlər ki, Məad iki şəkildə olur: Cismani və ruhani. Quran ayələrinə görə, toz halına gələn və parçalanan bədən Allahın əmri ilə toplanacaq. Qurani-Kərimdə cismani məada dair çoxlu dəlillər vardır. "Yasin" surəsinin sonunda oxuduğumuz ayələr bu həqiqəti açıq şəkildə ifadə edir. Bu ayələrdə bədəvi ərəb kişi təəccüblə Peyğəmbərdən (s) soruşur ki, ölülərin çürümüş sümüklərini kim dirildə bilər? Qurani-kərim onun cavabında açıq-aydın buyurur: "De ki, bu çürümüş sümüyü ilk gün onu yaradan Allah dirildəcək".
Müşriklərin məad məsələsindəki bütün təəccübləri və etirazları bu məsələ ilə bağlı idi: "Biz torpağa çevrildiyimiz və tozumuz torpağa qarışdığı halda yenidən həyat paltarını necə geyinə bilərik?" “(Müşriklər) dedilər: Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?! (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər” (Səcdə, 10). Deyirdilər: "O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?" (Möminun, 35). Onlar bu məsələdən o qədər təəccübləndilər ki, bunun dəlilik əlaməti və ya Allaha qarşı yalan olduğunu zənn etdilər: "Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?! Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?! (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər" (Səbə, 7 və 8-ci ayələr). Bu səbəbdən, ümumiyyətlə, “Məadın mümkünlüyü haqqında Qurani-Kərimin dəlilləri” cismani məad mehvərindədir.
Quranda deyilənlərlə yanaşı insanların qiyamətdə qəbirlərindən çıxacağı da dəfələrlə qeyd olunur: (Yasin, 51-Qəmər, 7). Qəbirdən qalxmaq açıq-aydın bədən dirilməsinə işarə edir. İbrahimin (ə) dörd quş hekayəsi, həmçinin Üzeyr (ə) və onun öldükdən sonra dirilməsi və öldürülən İsrail oğlunun hekayəsi açıq şəkildə cismani məaddan danışır.
Qurani-Kərimdə cənnətin maddi və mənəvi nemətlərinin çoxsaylı təsvirləri göstərir ki, məad həm cism, həm də ruh mərhələsində gerçəkləşir, əks halda, mənəvi nemətlərdən başqa bir çox növ yeməklər və maddi ləzzətlər mövcudluğunun mənası yoxdur.
Hər halda, kimsənin Quranın məntiqi və mədəniyyətindən ən az məlumatı olub, cismani məadı inkar etməsi mümkün deyil, başqa sözlə desək, cismani məadı inkar etmək, Qurana nəzərindən məadın özünü inkar etməyə bərabərdir.
mənbə: iqna