Lənət və nifrin etmək
İnsan bir insana lənət oxuduqda onun Allahın lütf və rəhmətindən uzaqlaşmasını istəyər və "məlun" Allahın rəhmətindən uzaq olan kəsə deyilir.
Lənət lüğətdə alçaltmaq, qəzəb üzündən uzaqlaşdırmaqdır. Əxlaq elmində isə insanın Allahın rəhmətindən uzaq olmasını istəmək mənasındadır. İnsan bir insana lənət oxuduqda onun Allahın lütf və rəhmətindən uzaqlaşmasını istəyir və "məlun" Allahın rəhmətindən uzaq olan kəsə deyilir. Allah tərəfindən lənətlənmək, rəhmət qapısından bir kəsi uzaqlaşdırmaq deməkdir ki, axirətdə cəza şəklində görünəcək. Amma “nifrin etmək” başqaları üçün Allahdan hər hansı bir pisliyi və şəri istəmək deməkdir. İndi istər Allahın rəhmətindən uzaq durmaq istəyi olsun, istərsə də başqa xoşagəlməz iş. Bu səbəbdən nifrin etmək “lənət”dən daha əhatəli bir mənaya malik sayıla bilər. Bu o deməkdir ki, hər lənət nifrin etməkdir, amma hər nifrin etmək lənət deyil.
Nifrət və lənət etməyin ən mühüm səbəbi qəzəbdir. İnsanda qəzəb atəşi alovlanıb ağılın ixtiyarından çıxdıqda insandan iyrənc əməllər baş verir ki, onlardan biri lənət və nifrin etməkdir. Digərləri üçün rəhmətdən uzaq olmağı, həyat mərhələlərində süqut etmək, təhlükələr və erkən ölümün qarşıya çıxmasını və s. İstəmək insanın tüğyan etmiş qəzəbinin ən ümumi təsirlərindən biridir. Bəzən başqalarını nifrin etmək və lənətləmək onların vəzifə və rütbələrinə paxıllıqdan qaynaqlanır. Paxıl insan yüksək bəşəri dərəcə və mərtəbələri öyrənmək əvəzinə, Allahdan başqalarının süqutunu və məhvini diləyir və dilini açıb lənətləyir.
Quranda qeyd olunan şəriətin öz buyurduğu hallar istisna olmaqla, lənət etmək şəriət baxımından düzgün deyil və haramdır:
Kafirlərə lənət olsun: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” (Bəqərə, 161).
Müşriklərə lənət olsun: “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!” (əl-Fəth, 6).
Mürtədlərə lənət: “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır” (Ali-İmran, 86-87).
Münafiqlərə lənət olsun: “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır” (Tövbə, 68).
Zalımlara lənət olsun: “Allahın lənəti zalımlara olsun” (Hud, 18).
Fəsad törədənlərə lənət olsun: "Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır" (Rəd, 25).
Şeytana lənət: “Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır” (Sad, 78).
Allaha və Peyğəmbərə (s) əziyyət edənlərə lənət: “Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır” (Əhzab, 57).
Yalançılara lənət: "Bbeləliklə, Allahın lənətini yalançılara yağdıraq" (Ali-İmran, 61).
İffətli qadınlara böhtan atanlara lənət edin: “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır” (Nur, 23).
Möminin qatilinə lənət olsun: “Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar” (Nisa, 93).
mənbə: iqna