Xeber.ge xəbər verir ki, Gürcüstanın Bolnisi Bələdiyyəsinin Tsurtavi (Kolagir) kəndində yeni məscidin tikintisinə hazırlıq görülür. Bu münasibətlə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Parlamentin üzvü Davit Şerazadişvili və digər rəsmi şəxslər kənd sakinləri ilə görüşüblər.
Görüş zamanı yerli hökumət nümayəndələri və din xadimləri Ramazan ayı münasibətilə kənd sakinlərini təbrik edərək, yeni məscidlə bağlı müjdəni veriblər. Kəndin axundu Məhəmməd Hüseynov çıxışında bildirib ki, məscidin tikintisinə yaxın zamanda start veriləcək. Bu müqəddəs işin gerçəkləşməsi üçün Kolagir kəndindən olan iş adamı Hüseynov Fizuli Əfqan oğlu artıq ilkin olaraq 25 min dollar (təxmini 70 min lari) ianə edib. Məscidin inşası Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və kənd sakinlərinin dəstəyi ilə davam etdiriləcək.
Bu təşəbbüs Gürcüstanın dini və multikultural dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. Müsəlman icmasının ehtiyaclarının qarşılanması istiqamətində Bütün Gürcüstan Müsəlmanları İdarəsi ilə dövlət qurumları arasında aparılan koordinasiyalı fəaliyyətin nəticəsi olaraq, yeni ibadət məkanının inşasına icazə verilib.
Görüşdə iştirak edən Hacı Faiq Nəbiyev bu mühüm addımın atılmasında dövlət qurumları ilə birgə fəaliyyətin vacibliyini vurğulayıb və məscidin inşasına dəstək verən hər kəsə təşəkkür edib. Gürcüstan dövləti isə müsəlman vətəndaşlarının ibadət azadlığını təmin edərək, onların dini tələbatlarını qarşılamaq üçün müvafiq addımlar atmaqda davam edir.
Bu məscid təkcə ibadət yeri deyil, eyni zamanda yerli müsəlman icması üçün birliyin və həmrəyliyin rəmzi olacaq.