Gürcüstanda 6 ildən köhnə avtomobillərə qoyulan qadağa tranzit və reeksporta şamil olunmayacaq

Feb 13, 2026 - 22:59
 0  25
Gürcüstanda 6 ildən köhnə avtomobillərə qoyulan qadağa tranzit və reeksporta şamil olunmayacaq

Gürcüstanda 2026-cı il aprelin 1-dən M1 kateqoriyasına aid 6 ildən artıq yaşı olan minik avtomobillərinin qeydiyyatına tətbiq ediləcək məhdudiyyət yalnız daxili qeydiyyat proseduruna aid olacaq və beynəlxalq tranzit, reeksport və ixrac əməliyyatlarını əhatə etməyəcək.

Bu ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirib.

Qeyd olunub ki, göstərilən tarixdən etibarən yaşı 6 ildən çox olan M1 kateqoriyalı avtomobillərin həm ilkin, həm də müvəqqəti qeydiyyatı qadağan ediləcək. Bu kateqoriyaya tam kütləsi 5 tondan artıq olmayan, sərnişinlərin və onların baqajının daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələri daxildir.

Nazirlikdən vurğulanıb ki, məhdudiyyət elektromobillərə şamil olunmur və onların istehsal ilindən asılı olmayaraq qeydiyyatı mümkün olacaq. Eyni zamanda, avtomobil idxal edilərək ölkədə qeydiyyata alınmırsa, eləcə də reeksport, tranzit və ixrac üçün nəzərdə tutulubsa, qadağa tətbiq edilməyəcək.

Bundan başqa, artıq Gürcüstanda qeydiyyatda olan nəqliyyat vasitələrinə, həmçinin 2026-cı il aprelin 1-dək ölkəyə idxal edilmiş avtomobillərə də məhdudiyyət aid edilməyəcək.

Qurumdan o da bildirilib ki, tranzit daşımaları ilə bağlı əlavə icazələrin, rüsumların və ya xüsusi mexanizmlərin tətbiqi planlaşdırılmır. Mövcud prosedurlar dəyişməz qalacaq və bu kateqoriyaya daxil olan avtomobillərə əlavə məhdudiyyətlər qoyulmayacaq.

mənbə: report