Gürcüstan Açıq Hökumət Tərəfdaşlığından (OGP) xaric edilib

Apr 22, 2026 - 21:29
 0  8
Gürcüstan Açıq Hökumət Tərəfdaşlığından (OGP) xaric edilib

Aprelin 22-də Açıq Hökumət Tərəfdaşlığı (OGP) Gürcüstan hökumətinin təşkilat üzvlüyündən çıxarıldığını elan edib.

Bu qərar OGP-nin Rəhbər Komitəsi tərəfindən qurumun reaksiya siyasətinə uyğun olaraq qəbul edilib.

 Xeber.ge xeber  verir ki,  bu qərar 2024-cü ilin oktyabrından başlayan uzunmüddətli yoxlama prosesinin nəticəsidir.

  OGP-nin bəyanatında qeyd olunur ki, 2024-cü ildə Gürcüstanın üzvlüyü müvəqqəti dondurulmuş və rəsmi Tbilisiyə vətəndaş cəmiyyəti mühiti, ifadə və toplaşmaq azadlığı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün islahatlar aparmaq çağırışı edilmişdi. Lakin 2026-cı ilin mart ayına olan məlumata görə, Gürcüstan hökuməti tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb, rəsmi plan və ya kommunikasiya təqdim edilməyib.

  Rəhbər Komitə müstəqil ekspertlərin qiymətləndirmələrinə əsaslanaraq müəyyən edib ki, Gürcüstanda:

·         Vətəndaş cəmiyyəti və media fəaliyyətinə qarşı qanunvericilik və institusional məhdudiyyətlər davam edir;

·         Fundamental azadlıqların qorunması sahəsində ciddi problemlər mövcuddur;

·         Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq üçün zəruri olan şərait artıq mövcud deyil.

  "Şərtlər artıq ödənilmir" OGP-nin icraçı direktoru Aydan Eyakuza məsələ ilə bağlı bildirib: "Açıq Hökumət Tərəfdaşlığı fundamental azadlıqların qorunduğu mühitdə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlıq etməsi prinsipinə əsaslanır.

Hərtərəfli və ədalətli araşdırmadan sonra müəyyən olundu ki, bu şərtlər hazırda Gürcüstanda ödənilmir".

Eyakuza həmçinin Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatlarının və jurnalistlərin çətin şəraitdə şəffaflıq naminə göstərdikləri rolu xüsusi vurğulayıb.

O, gələcəkdə şərait yaxşılaşacağı təqdirdə Gürcüstanın yenidən tərəfdaşlığa qoşulacağına ümid etdiyini bildirib.