Fatimə - Allah Rəsulunun (s) əbədi Kövsəri

Dec 10, 2024 - 14:53
 0  5
Fatimə - Allah Rəsulunun (s) əbədi Kövsəri

Həzrət Fatimə (s), Həzrət Məhəmmədin (s) ən kiçik qızıdır. Rəvayətə görə, İslam Peyğəmbərinin (s) dörd qızı və üç oğlu olmuşdur. Peyğəmbərin (s) bütün övladları, Fatimə (s) istisna olmaqla, onun sağlığında dünyadan köçmüşdür və Peyğəmbərin (s) nəsli yalnız Həzrət Zəhra (s) vasitəsilə davam etmişdir.

Həzrət Fatimə (s), Peyğəmbərin (s) ən kiçik qızıdır. Rəvayətə görə, İslam Peyğəmbərinin (s) dörd qızı və üç oğlu olmuşdur ki, bunlardan altısı Xədicə (s), biri isə Mariyə Qibtiyyədən doğulmuşdur. Bu övladların adları Qasım, Abdullah, İbrahim, Rüqəyyə, Zeynəb, Ümm Gülsüm və Fatimədir (s). Peyğəmbərin (s) bütün övladları, Fatimə (s) istisna olmaqla, onun sağlığında dünyadan köçmüşdür və Peyğəmbərin (s) nəsli yalnız Həzrət Zəhra (s) vasitəsilə davam etmişdir.

“Əlbəttə, biz sənə Kövsər bəxş etdik” (Kövsər, 1) ayəsindəki “Kövsər”in mənası barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Ayənin üçüncü hissəsi olan “Həqiqətən, sənə kin bəsləyən (düşmənin) özü sonsuzdur” ifadəsi (Kövsər, 3) bunun, Peyğəmbərin (s) nəsli, yəni Fatimənin (s) övladları olduğuna dəlalət edir.

Həzrət Zəhranın (s) doğum tarixi barədə tarixi mənbələrdə fikir ayrılığı vardır. Əhli-sünnə mənbələrinin çoxunda, məsələn, İbn Səddin “Təbəqatül-kübra” və İbn Həcər Əsqalaninin “Əl-İsabə” əsərlərində Həzrət Fatimənin (s) doğum tarixi besətdən 5 il əvvəl, Qureyşin Kəbəni bərpa etdiyi dövr göstərilmişdir. Şiə mənbələrində isə doğum tarixi olaraq besətdən 5 il sonra qeyd olunur.

“Fatimə” sözü ərəb dilində “fətm” kökündən gəlir və “ayırmaq, kəsmək, uzaqlaşdırmaq” mənalarını ifadə edir. İbn Həcər Heytəmi “Əs-səvaiqul-muhriqə” və Nəsai “Sünən” əsərlərində qeyd etmişlər ki, “Allah onun adını Fatimə qoydu, çünki onu və sevənlərini cəhənnəm alovundan ayırmışdır.” Fəttal Nişaburi “Rovzətül-vazin” əsərində İmam Cəfər Sadiqdən (ə) belə nəql edir: “Ona Fatimə adı verilmişdir, çünki o, pisliklərdən uzaqlaşdırılmışdır.”

Fatimənin (s) başqa adları da vardır: “Siddiqqə”, “Mübarəkə”, “Tahirə”, “Zəkiyyə”, “Raziyyə”, “Mərziyyə”, “Mühəddəsə”, “Bətul” və “Zəhra”. Onun ən məşhur künyələrindən biri “Ümmü Əbiha” (atasının anası)dır. Bu künyəni Həzrət Peyğəmbər (s) ona vermişdir. Çünki Xədicənin vəfatından sonra Fatimə (s) kiçik yaşda olmasına baxmayaraq, atasına daim qayğı göstərmiş, onu himayə etmişdir.

Həzrət Fatimənin (s) uşaqlıq və gənclik illəri ilə bağlı tarixi məlumatlar azdır. Tarixi mənbələrə görə, Peyğəmbərin (s) risalətini açıq elan etdikdən sonra Fatimə (s) bəzi hallarda müşriklərin atası Peyğəmbərə (s) qarşı etdikləri zorakılığın şahidi olmuşdur. Bundan əlavə, onun uşaqlığının üç ili Bəni-Haşimin Peyğəmbərə (s) görə iqtisadi və ictimai təzyiq altında yaşadığı Şibi Əbi Talibdə keçmişdir. Fatimə (s) həmçinin uşaqlıqda anası Xədicəni (s) itirmişdir. Qüreyşin Peyğəmbəri (s) öldürmək qərarı, onun gecə ilə Məkkəni tərk edərək Mədinəyə hicrət etməsi və Fatimənin (s) Əli (ə) və bir neçə qadınla birlikdə Mədinəyə hicrət etməsi onun uşaqlıq dövrünün ən mühüm hadisələrindəndir.

mənbə: iqna