DTX-nin sabiq rəhbərinin qohumu, Biçiko Paikidze və daha 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Sep 26, 2025 - 19:56
 0  13
DTX-nin  sabiq rəhbərinin qohumu, Biçiko Paikidze və daha 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin qohumu, B.P. TRANS şirkətinin sahibi və Vani Bələdiyyə Məclisində “Gürcü Arzusu”nun deputatı olan Biçiko Paikidze barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Hakim Arsen Kalatozişvili həmçinin həmin şirkətin direktoru Valerian Kvaratsxelia və daha dörd nəfər – İoseb Çançaleişvili, Roin Popxadze, Qiorqi Kvaxadze və İrakli Qaloqre barəsində də həbs qərarı çıxarıb.


Biçiko Paikidzeyə ittiham qiyabi olaraq irəli sürülüb – Gürcüstan CM-in 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə ələ keçirmə) və 362-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi, nəticədə ciddi zərər vurulması).

Şirkət direktoru Valerian Kvaratsxelia, əməkdaş İoseb Çançaleişvili, eləcə də tenderin icrasına nəzarət edən şirkətin menecerləri Qiorqi Kvaxadze, Roin Popxadze və İrakli Qaloqre isə CM-in 25, 180-ci maddənin 2-ci hissəsinin “a” və 3-cü hissəsinin “b” bəndləri (qrup halında qabaqcadan razılaşaraq dələduzluqda köməkçilik) və 362-ci maddənin 2-ci hissəsinin “b” bəndi ilə ittiham olunublar.

Cinayətlər 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

İş üzrə prokuror Beka Xunaşvilinin sözlərinə görə, Biçiko Paikidzenin və digər təqsirləndirilənlərin fəaliyyəti tam şəkildə araşdırılmalıdır.

Prokuror əlavə edib ki, Paikidze barəsində istintaq getdiyini bilirdi və bundan sonra Gürcüstanı tərk edərək istintaq orqanına gəlməkdən yayınmışdı.

Müdafiəçilər isə həbs qətimkan tədbiri əvəzinə zəmanət (girov) seçilməsini tələb edirdilər.

Paikidzenin vəkili İrma Çkadua bildirib ki, onun müdafiə etdiyi şəxs ölkəyə qayıtmaq istəyirdi, lakin istintaq orqanı onun pasportunu ləğv edib və bu, “ona imkan vermir”.
Hakim Arsen Kalatozişvili bu məlumatı prokurordan dəqiqləşdirib. Prokuror Beka Xunaşvili isə bunu yalan adlandıraraq qeyd edib ki, Paikidze, ehtimal ki, istintaqdan gizlənmək üçün İspaniya və ya Portuqaliyaya getməyi planlaşdırırdı. Onun sözlərinə görə, Paikidzenin pasportu qüvvədədir, ölkəni də həmin pasportla tərk edib və eyni sənədlə geri dönə bilər.

Dünən Biçiko Paikidze və digər 5 nəfərə dövlətə məxsus böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə mənimsəmə, qabaqcadan razılaşdırılmış qrup tərəfindən dələduzluğa köməkçilik və saxta rəsmi sənədlərin hazırlanıb istifadəsi faktları üzrə ittiham irəli sürülüb.

mənbə: marneulifm.ge