“Dariali” keçid məntəqəsində Rusiyadan deportasiya olunmuş ukraynalılara görə gözləmə zonası genişləndirilir

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Gürcüstan-Rusiya sərhədində yerləşən “Dariali” keçid məntəqəsində ölkəyə buraxılmayan şəxslər üçün yaşayış sahəsinin təcili şəkildə genişləndirilməsini planlaşdırır.
Bu zərurət Rusiyadan deportasiya olunan və Gürcüstana buraxılmayan ukraynalılara görə yaranıb.
Layihənin təxmini dəyəri 299 990 lari təşkil edir. İşləri “Barsona 21” MMC həyata keçirəcək.
DİN-in Sərhəd Polisinin Satınalmalar Agentliyinə təqdim etdiyi məlumata əsasən:
“Dariali” sərhəd-keçid məntəqəsi hazırda fəaliyyət göstərən yeganə sərhəd-keçid məntəqəsidir və son dövrlərdə burada Rusiya Federasiyasından gələn vətəndaşlar tərəfindən keçid zamanı etibarsız sənədlər təqdim olunması və onların özlərini Ukrayna vətəndaşı kimi tanıtdıqları hallara rast gəlinmişdir. Həmin şəxslər Ukraynanın işğal olunmuş ərazilərində cinayət törətdiklərinə və cəzalarını Rusiya həbsxanalarında çəkdiklərinə dair məlumat verirlər. Cəza müddəti bitdikdən sonra Rusiya bu şəxsləri “deportasiya” adı altında Gürcüstan sərhədinə gətirir”.
Artıq iki aydan çoxdur ki, onlarla ukraynalı Gürcüstan-Rusiya sərhədində, Zemo Lars sərhəd-keçid məntəqəsində (Dariali) qalır. Onlar növbə ilə yarımçıq tikilmiş terminalın zirzəmisində yatırlar, çarpayılar çatışmır.
“Azadlıq Radiosu” iyunun 25-də yazmışdı ki, nəm beton, ağır hava və pəncərəsiz şəraitdə yerləşən bu gözləmə sahəsində cəmi 16 çarpayı var və həmin çarpayıları 56 nəfər növbə ilə bölüşür.
Bu məsələ ilə bağlı iyulun 16-da hökumətyönlü “Rustavi 2” və “Imedi” kanalları Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzeyə istinadən məlumat yaymışdılar:
“Ukrayna tərəfi ilə Moldova Respublikasına geri qaytarılmaları ilə bağlı aktiv danışıqlar aparılır. Çünki bu şəxslərin quru sərhədlə Ukraynaya qayıtması mümkündür. Son zamanlar təxminən 40-a yaxın şəxs bu üsulla Ukraynaya qaytarılıb. Lakin proses son vaxtlar müəyyən qədər ləngiyib. Bildiyimizə görə və Ukrayna tərəfinin də dediyinə əsasən, Moldova tərəfi bu şəxslərin keçidinə qarşı çıxır. Amma danışıqlar davam edir. Əgər razılaşma əldə olunarsa, Gürcüstan Dariali sərhəd-keçid məntəqəsində olan Ukrayna vətəndaşlarının vətənə qaytarılmasına yardım etməyi öhdəsinə götürür”, – deyə Daraxvelidze bildirib.
Sərhəddə gözləyən ukraynalılar haqqında:
Rusiya, Rusiya-Gürcüstan sərhədinə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində mühakimə olunmuş və sonradan cəzasını Rusiya koloniyalarında çəkmiş məhkumları göndərir.
Ukraynalı insan haqları müdafiəçiləri deportasiya axınının artmasını Vladimir Putinin əmrinə bağlayırlar.
2023-cü ildə Rusiya prezidenti Vladimir Putin əmr verib ki, Ukraynanın işğal olunmuş ərazilərində yaşayanlar Rusiya vətəndaşlığı almadıqları təqdirdə, onların statusu xarici vətəndaş statusuna bərabərləşdirilsin. Digər bir əmrə əsasən (2025-ci ilin martında qüvvəyə minib), Ukrayna vətəndaşları Rusiya ərazisində “qanuni əsas olmadan” sayılırlar və sentyabrın 10-dək ya pasport, ya da yaşama icazəsi alaraq statuslarını leqallaşdırmalıdırlar. Əks halda, ya ölkəni tərk etməlidirlər, ya da deportasiya olunacaqlar.
İnsan haqları müdafiəçiləri bildirirlər ki, sentyabra qədər Rusiyadan deportasiya olunan ukraynalıların sayı ciddi şəkildə arta bilər.
mənbə: marneulifm