Batumi Dövlət Universitetinin tələbəsi azı 4 qız tərəfindən seksual qısnamada ittiham olunur
Batumi Şota Rustaveli Dövlət Universitetinin (BSU) tələbəsi olan oğlanı azı 4 qız seksual qısnamada ittiham edir.
XEBER.GE xeber verir ki, bu barədə “Batumelebi” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, 2026-cı il noyabrın 7-də Batumi Dövlət Universitetinin açıq qrupunda bu məzmunda paylaşım dərc olunub:
“Qızlar, ehtiyatlı olun, bu, seks manyakıdır. Onunla münasibətə başlamasanız, hamınızı şantaj edir və dərslərdən kəsilməklə hədələyir!”
“Batumelebi”nin məlumatına görə, anonim müəllif tərəfindən paylaşılan post qısa müddət sonra silinib. Lakin həmin şəxs paylaşımı daha iki dəfə yenidən dərc edib.
Nəşrin bildirdiyinə görə, posta BSU tələbələrindən birinin Facebook profilindən götürülmüş ekran görüntüsü də əlavə olunub. Anonim paylaşımın müəllifi ekran görüntüsündəki şəxsin universitetin qız tələbələrinə qarşı seksual qısnama törətdiyini iddia edib.
Anonim paylaşımın dərcindən qısa müddət sonra universitetin açıq qrupunda onlarla paylaşım yayımlanıb və şəxsi yazışmalardan götürülmüş ekran görüntüləri paylaşılıb. BSU-nun bir neçə qız tələbəsi universitetin oğlan tələbəsini seksual qısnamada, nalayiq davranışda və öz nüfuzundan qızlara qarşı sui-istifadə etməkdə ittiham edib.
Yerli medianın məlumatına görə, seksual qısnamada ittiham olunan tələbənin universitetin tələbə özünüidarəetmə qurumunun üzvü olduğu barədə də məlumat yayılıb.
Hazırda Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı araşdırmaya başlayıb-başlamadığı məlum deyil. Jurnalistlərin suallarını isə tələbə qızların ittihamlar səsləndirdiyi şəxs cavablandırmayıb.
Batumi Şota Rustaveli Dövlət Universitetindən “Batumelebi”yə bildirilib ki, universitet yayılan məlumatlara öz səlahiyyətləri çərçivəsində müvafiq reaksiya verəcək.