Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvanı da birləşdirəcək - qatarlar 160 km/saat sürətlə hərəkət edəcək

Türkiyənin Qars, İğdır və Azərbaycanın Naxçıvan ərazisi arasında dəmir yolu layihəsi artıq həyata keçirilmə mərhələsindədir və gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə inteqrasiya olunacaq.
Layihə meneceri Osman Bəsərək bildirib ki, Naxçıvan-İğdır marşrutu Qarsa qədər olan səyahət vaxtını 85 dəqiqəyə qədər azaldacaq. BTQ ilə inteqrasiya isə Avropa və Asiya arasında ticarət əlaqələrinin inkişafına dəstək olacaq və beynəlxalq yüklərin daşınması üçün yeni perspektivlər yaradacaq.
Nəticədə, Mərkəzi Asiya və Avropa arasında sərnişin daşınma müddəti 18 gündən 12 günə qədər azalacaq.
Layihə çərçivəsində Türkiyədə, xüsusən Digor, Tuzluca, İğdır, Aralık və Düğüncükdə 5 yeni dəmir yolu stansiyası inşa ediləcək. Hazırda işlərin əsas hissəsi İğdırda aparılır.
Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu təxminən 224 km olacaq. İğdırda artıq ilk tikinti bazası qurulur və bu bazanın tamamlanmasından sonra dəmir yolu xəttinin tikintisinə başlanacaq.
İki xətli dəmir yolu marşrutu tamamilə elektrikləşdiriləcək və siqnalizasiya ilə təchiz ediləcək. Layihənin tamamlanması 5 il ərzində nəzərdə tutulur.
Layihə çərçivəsində 2800 metr ümumi uzunluğa sahib 3 viyadük (arxitektura quruluşu) və 11,3 km ümumi uzunluğu olan 5 tunel, həmçinin 10 körpü inşa ediləcək. 480 su keçirici boru, 145 yeraltı və 27 yerüstü keçid, habelə 19 bağlana bilən keçid də qurulacaq. Bir çox hissədə torpaq işləri və təmir işləri aparılacaq.
Osman Bəsərək bildirib ki, “Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyəni Azərbaycana bağlamaqla qalmayacaq, həmçinin qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək”.
İşə salındıqdan sonra dəmir yolu xəttində 160 km/saat sürətlə hərəkət edən qatarlar fəaliyyət göstərəcək.
mənbə: marneulifm