Avropa Komissiyası Gürcüstanda ədliyyə sistemində geniş islahatlar aparılmasını tövsiyə edib

Nov 4, 2026 - 20:46
 0  15
Avropa Komissiyası Gürcüstanda ədliyyə sistemində geniş islahatlar aparılmasını tövsiyə edib

Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanın ədliyyə sistemində geniş islahatlara başlamalı olduğu bildirilir.

Hesabatın dərc olunmazdan əvvəl yayılan hissələrində Ali Ədliyyə Şurasının Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq yenidən təşkil edilməsi zərurəti vurğulanır.

Sənəddə, həmçinin beynəlxalq ekspertlərin həlledici rol oynayacağı xüsusi dürüstlük yoxlaması sisteminin yaradılması təklif olunur. Bu mexanizmin həm hakim vəzifələrinə namizədləri, həm də ədliyyə sistemində rəhbər vəzifələr tutan hazırkı şəxsləri əhatə etməsi nəzərdə tutulur. Xüsusilə Ali Ədliyyə Şurasının və Ali Məhkəmənin üzvləri, eləcə də ümumi məhkəmələrin sədrləri yoxlamaya cəlb edilməlidir.

Hesabatın yayılan hissələrində Gürcüstan Prezidentinin etirazlarla əlaqədar saxlanılmış və təqsirini etiraf etmiş bir neçə şəxsi əfv etdiyi, lakin digər şəxslərin hələ də həbsdə olduğu qeyd olunur.

Hesabatda hökumətin Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı bəyan etdiyi məqsədlərlə yanaşı, rəsmi ritorikanın və siyasi mövqeyin də qiymətləndirildiyi vurğulanır.

Qeyd edək ki, Avropa Komissiyası 4 noyabrda 2026-cı il üzrə genişlənmə paketini, o cümlədən Gürcüstanla bağlı hesabatı təqdim etməlidir. Sənəd Aİ-yə üzvlük namizədi ölkələrin üzvlük üçün zəruri islahatların həyata keçirilməsi istiqamətində əldə etdiyi irəliləyişi qiymətləndirir.

 

mənbə: report