Aprelin 1-dən bu dövlət qurumu ləğv edilir

Feb 21, 2025 - 11:02
 0  78
Aprelin 1-dən bu dövlət qurumu ləğv edilir

Gürcüstan Parlamenti üçüncü oxunuşda qəbul etdiyi qanun layihəsi ilə Dövlət Xidmət Bürosunun ləğv edilməsinə qərar verib.

Qərara əsasən, büro 2025-ci il aprelin 1-dən etibarən fəaliyyətini dayandıracaq və onun bütün funksiyaları və səlahiyyətləri hökumət administrasiyasına veriləcək.

Büro likvidasiya edildikdən sonra işdən çıxarılan əməkdaşlara bir aylıq əməkhaqqı həcmində kompensasiya ödəniləcək.

Hökumət qanunun qüvvəyə minməsindən sonra 10 gün ərzində xüsusi ləğvetmə komissiyası yaratmalıdır.

Hökumətin parlament katibi Vaxdanq Baçiaşvili, büro ilə bağlı qərarın xərclərin optimallaşdırılması və dövlət idarəetmə islahatlarının vahid idarəçilik altında həyata keçirilməsi məqsədilə qəbul edildiyini bildirib.

"Dövlət Xidmət Bürosu hazırda hökumət administrasiyasının koordinasiyası ilə dövlət idarəetmə islahatlarına cəlb olunub. Bundan əlavə, o, dövlət sektorundakı vakansiyalarla bağlı məlumatların dərc edildiyi və əlçatan olduğu mühüm platforma – hr.gov.ge saytını idarə edir. Aparılmış analizlər göstərdi ki, bu qurumun müstəqil bir dövlət hüquqi şəxsi kimi fəaliyyət göstərməsi artıq zəruri deyil. Ona görə də büro ləğv edilir və onun funksiyaları hökumət administrasiyasına ötürülür," – deyə Baçiaşvili parlament müzakirələri zamanı qeyd edib.

mənbə: Interpress