Yeni qaydalar qüvvəyə minəcək

Jul 11, 2025 - 13:38
 0  28
Yeni qaydalar qüvvəyə minəcək

Tbilisi meriyası bildirir ki, Tbilisi Bələdiyyə Müfəttişliyi sahibkarları 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni tənzimləmə qaydaları barədə intensiv rejimdə məlumatlandırır.

Meriya tərəfindən təsdiqlənmiş qaydalara əsasən, şəhərdə istifadə olunmuş təkərlərin, qara və rəngli metal tullantılarının, istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin və onların hissələrinin, həmçinin asanlıqla alışan, partlayıcı və tozlanan materialların yerləşdirilməsi və satışı xüsusi qaydalarla tənzimlənəcək.

Yeni qaydaya görə, bu fəaliyyətlər yaşayış, rekreasiya, meşə, xüsusi təyinatlı, nəqliyyat və sanitariya mühafizə zonalarında qadağan ediləcək. İcazə verilən funksional zonalarda (əsasən sənaye və ictimai-kommersiya zonaları) isə mülkiyyətçilərin və sahibkarların yerinə yetirməli olduğu xüsusi şərtlər müəyyən olunub.

Qaydanın qüvvəyə minməsinə qədər Tbilisi Bələdiyyə Müfəttişliyi müvafiq ərazilərin və təsərrüfat subyektlərinin tam inventarizasiyasını həyata keçirib. Müfəttişlik 14-dən çox iri ərazinin sahibkarlarına – hansı ki, öz ərazilərində 10 000-ə yaxın kiçik sahibkar və 1 500-dən çox orta sahibkar işləyir – birbaşa konsultasiya göstərib, qaydanın tələblərini izah edib və rəsmi xəbərdarlıq məktubları təqdim edib.

Yeni tənzimləmənin məqsədi şəhərdə sağlam yaşayış mühitinin təşviqi, əhalinin və ətraf mühitin zərərli təsirlərdən qorunması, eyni zamanda sənaye və ictimai-kommersiya zonalarında fəaliyyətin düzgün təşkil olunmasıdır ki, həm ətraf mühitin mühafizəsi, həm də cəmiyyətin sağlamlığı və təhlükəsizliyi təmin edilsin.

Qaydalara əsasən, icazə verilən ərazilərdə tozlanan materiallar qapalı binalarda yerləşdirilməli və satılmalıdır. Asanlıqla alışan və partlayıcı materialların yerləşdirilməsi və satışı zamanı təhlükəsiz çıxış yolları təmin olunmalı, sanitariya şəraiti, adekvat işıqlandırma və havalandırma olmalıdır. Bundan əlavə, yanğın və digər təhlükələrə qarşı mühafizə tədbirləri, habelə yanğınsöndürənlərin və xilasedicilərin təhlükəsiz fəaliyyəti təmin edilməlidir.

Əlavə məsləhətə ehtiyacı olan şəxslər Tbilisi meriyasının qaynar xətti – 2 72 22 22 nömrəsi ilə əlaqə saxlaya bilər və Bələdiyyə Müfəttişliyi müvafiq səlahiyyətli şəxslərlə görüşlərin təşkili üçün yardım göstərəcək.

mənbə: interpress