Qaribaşvilinin evindən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb

Jan 12, 2026 - 20:43
 0  64
Qaribaşvilinin evindən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən istintaq çərçivəsində müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə keçirilib.

Bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.

Vəkilin sözlərinə görə, Gürcüstan Prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı irəli sürülən ittihamların mətni dəyişdirilib. Şakulaşvili qeyd edib ki, hazırda Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "C" bəndi ilə ittiham olunmaqda davam edir.

M.Şakulaşvilinin açıqlamasına görə, yeni ittiham İrakli Qaribaşvilinin şərab sənayesindən əldə etdiyi gəlirləri bəyan etməməsi ilə bağlıdır. Vəkil bu əməlin rəsmi vəzifə cinayəti olmadığını, maliyyə xarakterli hüquqpozma kimi qiymətləndirildiyini vurğulayıb.

"Bizim təqdim etdiyimiz sübutlar – fabriklə bağlı bank müqavilələri, ödənişlər və digər maliyyə sənədləri diqqətlə araşdırıldı. Nəticədə, ittihamın fabrik fəaliyyəti ilə bağlı hissəsi çıxarıldı. Hazırda ittiham yalnız şərab sənayesindən əldə edilən gəlirlərin bəyan edilməməsinə aiddir. Bu isə maliyyə sahəsində törədilmiş cinayət hesab olunur", – vəkil qeyd edib.

Vəkil əlavə edib ki, istintaq zamanı Qaribaşvilinin evindən götürülən qızıl əşyalar və saatlar ona məxsus olmayıb.

Şakulaşvili həmçinin vurğulayıb ki, digər məhkumlar kimi, İrakli Qaribaşvilinin də şərti azadlığa buraxılma və əfv hüququ var.

mənbə: report