“Ola bilər doğrudan da nəsə Gürcüstandan keçib, ya da keçməyib”
 
                                “Gürcü Arzusu”nun icraçı katibi, hakim partiyanın parlament çoxluğunun lideri Mamuka Mdinaradze bu gün, 18 avqustda keçirdiyi brifinqdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) bəyanatına münasibət bildirib. Rusiya tərəfi iddia edir ki, guya Krım körpüsündə partlayış planlaşdırılırdı və bomba Gürcüstandan Rusiyaya gətirilmişdi.
Mdinaradzenin sözlərinə görə, bu məlumat ona indiyədək məlum deyildi, lakin “hər bir halda ilk reaksiya belədir – mən heç nəyi istisna etmirəm. Bütün ölkələrin xüsusi xidmət orqanlarının, o cümlədən Rusiyanın – ölkəmizin ərazilərinin 20 faizini işğal etmiş dövlətin xüsusi xidmətlərinin – öz maraqları var. Mən onların maraqlarının açımına başlamayacağam”, – deyə Mdinaradze partiya ofisində keçirilən mətbuat konfransında qeyd edib.
Onun izahına görə, “hər bir ölkənin – işğalçının da, qeyri-işğalçının da, dostun və ya dost adlandırılanın da – öz maraqları olur və bu cür bəyanatlar həmin maraqlar prizmasında nəzərdən keçirilməlidir”.
Dəqiqləşdirici suala cavab olaraq ki, hazırda Rusiyanın maraqları nədən ibarətdir, Mdinaradze belə deyib:
“Rusiyanın maraqları ondan ibarətdir ki, müxtəlif ölkələrin, o cümlədən Gürcüstanın maraqlarına zərər vursun. O, işğalı davamlı və uzunmüddətli perspektivdə möhkəmləndirməyə çalışır. Bu gün də Ukraynanın böyük bir hissəsini işğal edib. Belə bir vəziyyətdə hansı maraqları ola bilər? – Dostluq maraqları təbii ki, olmayacaq. O, öz maraqlarından çıxış edəcək”, – deyə Mdinaradze bildirib və əlavə edib: “Ola bilsin ki, həqiqətən də nəsə Gürcüstandan keçirilib, bəlkə də keçirilməyib – bunu heç kim bilmir. Bu, müəyyənləşdirilməlidir. Hüquq-mühafizə orqanları əvvəlcə reaksiya verəcək, sonra isə açıqlama yayımlayacaqlar”.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib: onlar “Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə güclü bomba partlatmaq cəhdini” qarşısını alıblar. FSB-nin iddiasına görə, partlayıcı maddə Chevrolet Volt markalı avtomobildə yerləşdirilib və Rusiyaya Ukraynadan Gürcüstan vasitəsilə – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən gətirilib.
Qurumun açıqlamasında deyilir ki, avtomobil daha sonra Krasnodar vilayətinə xüsusi daşıyıcı tərəfindən aparılmalı idi. FSB-nin versiyasına görə, avtomobil başqa bir sürücüyə təhvil veriləcəkdi və həmin sürücü partlayıcı maddələrin mövcudluğundan xəbərsiz şəkildə Krım körpüsündən keçərkən “istəmədən intiharçı terrorçuya çevriləcəkdi”.
FSB bildirir ki, qurum partlayıcını zərərsizləşdirib və avtomobilin Rusiyaya keçirilməsində iştirak edən bütün şəxslər saxlanılıb.
Hazırda Moskvanın açıqlamalarına nə Kiyev, nə də Tbilisi reaksiya verib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Krım körpüsündə yük maşınının partlamasından sonra Moskva oxşar bəyanat yaymışdı. O zaman 5 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılmış, həmçinin gürcüstanlı Aleksandre İnasaridzeyə də ittiham irəli sürülmüşdü. Rusiya onu 2024-cü ildə dövlətlərarası axtarışa verib. Gürcüstan rəsmiləri isə bəyan etmişdilər ki, ölkənin həmin partlayışla “heç bir əlaqəsi yoxdur”.
Krım (Kerç) körpüsü Rusiyanın Krımı ilhaq etməsindən sonra inşa olunub. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onun tikintisini qanunsuz hesab edir. 2022-ci ildən – Rusiyanın genişmiqyaslı işğalından sonra isə körpünü “legitim hərbi hədəf” adlandırıb. Bu il iyunda körpünü zədələmək üçün daha bir cəhd göstərilsə də, ciddi zərər qeydə alınmayıb.
–
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            