"Kösər" surəsi və Həzrət Fətimənin (s) arasındakı əlaqəyə baxış"

Dec 24, 2024 - 12:16
 0  40
"Kösər" surəsi və Həzrət Fətimənin (s) arasındakı əlaqəyə baxış"

Bu surədə Uca Allah, Rəsulullaha (s) bir nemət olaraq "Kösər" verməsini qeyd edərək, onu ruhlandırır və bildirir ki, ona dil uzadanlar özləri məğlub olmuşdur.

Peyğəmbərimiz (s) otuz yaşında Xədicə xanımla (s) evləndi və bu evlilikdən çoxlu övladlar dünyaya gəldi. Bu övladlardan biri də Həzrət Fətimə Zəhra (s) olub. Onun dünyaya gəlməsi besətin 5-ci ilinə təsadüf edir. Eyni dövrdə, yəni 4-cü və 5-ci illər ərzində, Peyğəmbərin (s) İslamı açıq şəkildə yaymağa başladı və Qüreyş mübarizəsini o Həzrətlə daha da şiddətləndirdi. O dövrdə Peyğəmbərin (s) oğulları Qasim və Abdullahın vəfat etməsi ilə düşmənlər çox sevindi və deyirdilər ki, Peyğəmbərin (s) nəslinin davamı yoxdur.

As ibn Vail Səhm Peyəmbəri (s) məsxərə edən şəxslərdən biri idi.  O, hər bir fürsətdə Peyğəmbəri işindən soyutmaq və müsəlmanlara əziyyət etmək üçün istifadə edirdi. Peyğəmbərin oğullarının ölümü ilə o Həzrəti "əbtər" və nəsilsiz adalndırdı. Ərəblər qızları nəslə daxil etmədikləri üçün bu tənə, sürətlə yayılmış və həm Peyğəmbərin (s) ruhunu sarsıtmış, həm də müsəlmanların ruh halına mənfi təsir etmişdi.

Bu anda Qurani-Kərim Peyğəmbərə (s) təsəlli verərək, Qüreyşin pis təbliğatına cavab verdi və "Kösər" surəsi bu məqsədlə nazil oldu. Bu sürədə Uca Allah, Peyğəmbərimizə (s) Kösər verdiyini bildirir və onu ruhlandıraraq göstərir ki, ona zərər verənlər özləri məğlub olmuşlardır.

"İnnə ətəynakəl-kəvsər: "Biz sənə böyük bir xeyir verdik".

"Fəsalli li rabbikə vənhər": "Beləliklə, Rəbbinə namaz qıl və qurban kəs".

"İnnə şaniəkə huvəl-əbtər": Doğrudan da, sənin düşmənin (As ibn Vail və tərəfdarları) özü nəslisiz və əbtər olacaq."

Böyük müfəssir Fəxri Razi bu surəni izah edərkən yazır: "Bu surənin mənası budur ki, Allah, Peyğəmbərə (s) bir nəsli verəcəyini bildirir ki, o nəslin davamı zamanla qalacaq. Bax, Peyğəmbərin (s) nəslindən neçə nəfər öldü, amma aləm onun nəsli ilə doludur və Bəni-Üməyyədən heç kim onunla rəqabət edə bilməz. Bax ki, Peyğəmbərin (s) nəslindən İmam Baqir (ə), İmam Sadıq (ə), İmam Kazım (ə), İmam Rza (ə) və Nəfs Zəkiyyə kimi böyük alimlər ortaya çıxdılar".

Peyğəmbərin (s) nəslinin davam etdiyi o övlad Fətimə Zəhra (s) idi. Bu gözəl xanım, Əli ibn Əbi Talib (ə) ilə evlənərək Həsən və Hüseyn (ə) kimi Cənnət cavanlarının ağası olan övladları dünyaya gətirdi. Lakin bu böyük və gözəl xanım, qısa bir ömür sürdü və Peyğəmbərin (s) vəfatından üç və ya altı ay sonra 11-ci hicri ilində şəhid oldu.

mənbə:az.shafaqna.com