Batumi Məhkəməsi Mziya Amaglobelinin həbsdə saxlanılması barədə qərar verdi

Mar 5, 2025 - 10:13
 0  31
Batumi Məhkəməsi Mziya Amaglobelinin həbsdə saxlanılması barədə qərar verdi

Batumi Şəhər Məhkəməsi "Batumelebi" və "Netgazeti" nəşrlərinin təsisçisi Mziya Amaglobelinin həbsdə qalmasına qərar verdi.

Hakim Viktor Metreveli onun azadlığa buraxılması ilə bağlı vəsatəti təmin etmədi.

Qərar məhkəmə zalında gərginlik və etirazlarla qarşılandı. Mziya Amaglobeli əlində “Ədalətsiz məhkəmə” yazısı olan bir vərəq tuturdu.

Daha əvvəl Mziya Amaglobeli məhkəmədə yazılı şəkildə bəyan etmişdi ki, irəli sürülən ittihamları qəbul etmir və özünü qanunsuz həbs edilmiş biri hesab edir.

Məhkəmə binasının qarşısında toplaşan etirazçılar qərarı sərt şəkildə tənqid ediblər. “Ruslar!”, “Qullar!”, “Azadlıq Mziya üçün!”, “Bu qərarı cəzasız qoymayacağıq!”, “Mziya, biz sənin yanındayıq!”, “Mediaya azadlıq!” kimi şüarlar səsləndirilib.

Mziya Amaglobeli Batumidə polis idarəsinin qarşısında keçirilən etiraz aksiyası zamanı əvvəlcə inzibati qaydada saxlanılmış, iki saat sonra sərbəst buraxılmışdı. Lakin azadlığa çıxandan bir neçə dəqiqə sonra yenidən həbs edilmişdi.

İstintaq Mziya Amaglobelini Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə ittiham edir, bu maddə polis əməkdaşına hücum ittihamını nəzərdə tutur və 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.

mənbə: Interpress