Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizi Ermənistan üçün faydalıdır. 
 
Məsələ ilə bağlı Milli Məclisin bu gün keçirilmiş plenar iclasında millət vəkili Əflatun Amaşov   çıxış edib.
 
"Əslində mən başqa məsələlədən söz açmalı idim. Məndən əvvəl həmkarlarım Gürcüstanla Rusiya arasında alternativ nəqliyyat dəhlizi ilə bağlı narahatlıqlarını vurğuladılar. Hesab etdim ki, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri kimi mən də öz fikrimi bildirməliyəm.
 
Əslində məsələnin kökündə nə dayanır? Hələ 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılır. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqaviləni bağlayıb. Rusiya da belə müqavilə bağlayacaq. Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib.
 
Həmkarlarımın narahatlığı bununla bağlıdır və başa düşüləndir. Ancaq mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olaraq belə bir addım atsın. Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaqdır.
 
Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq.
 
Bütün bunları Gürcüstan tərəfi yaxşı bilir. Onu da yaxşı bilir ki, Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətindən çox narahatdır və hər vəchlə bu münasibətləri pozmağa can atır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Heç zaman mümkün deyildir ki, Azərbaycan iqtisadi və siyasi əhəmiyyətli razılaşmada, əməli işdə Abxaziyanın və Cənubi Osetiyanın işğalı faktını nəzərə almasın. Ermənistan isə belə deyil. İşğalçı dövlət BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan əhalinin doğma yurdlarına qayıtmasına dair qətnaməsinə səs verməyib. Həm də bunlara görə belə bir addımın atılması gözlənilən deyil.
 
Görürəm, həmkarlarım narahatdırlar. Məsələyə həssas yanaşmalıyıq. Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq".
Baxış sayı: 116